Mətbuat Şurası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə konfrans keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə dekabr ayının 15-də “Vicdan azadlığı və media” mövzusunda konfrans keçirilib.
Konfransda Dövlət Komitəsinin, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, media təmsilçiləri, eləcə də dini konfessiya və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açaraq Azərbaycandakı dövlət-din münasibətləri barədə danışıb. Bildirib ki, Konstitusiyamızda ölkənin hansı dinə mənsub olması təsbit olunmayıb. Azərbaycanın seçdiyi dünyəvilik xəttində dinin siyasətdən ayrı tutulması ideyası əsas götürülüb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi, daxili və xarici siyasət kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir. Dövlət Komitəsinin sədri vurğulayıb ki, əgər Sovet İttifaqı dağılarkən ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-i ötüb. Fəaliyyət göstərən İslam və qeyri-islam icmaları hər il dövlətdən maliyyə yardımı alır. Bu da bizim multikultural dəyərlərə nə qədər hörmət göstərdiyimizin bariz nümunəsidir. Azərbaycan müsəlman dünyasının bir parçasıdır, Respublikada İslamda vəhdət və birliyin yaradılması üçün kifayət qədər işlər görülür. Çıxışı zamanı dinin siyasiləşməsinin fəsadlarına toxunan M.Qurbanlı din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideologiyaların yayılmasına qarşı mübarizə tədbirlərinə diqqət çəkib. Bu istiqamətdə medianın üzərinə də böyük vəzifə düşdüyünü, dini sahədə ixtisaslaşdırılmış jurnalistlərin formalaşmasının önəmini qeyd edib. Dövlət Komitəsinin bu məqsədlə mütəmadi olaraq jurnalistlər arasında yazı müsabiqələri təşkil etdiyini, Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə seminar-treninqlər keçirdiyini bildirib. Xarici mətbuatda Azərbaycanın şiə dövləti kimi təqdim edilməsini dilə gətirən DQİDK sədri bunun tamamilə yanlış olduğunu, ölkəmizdə dinlərarası harmoniyanın və vəhdətin təbliğ edildiyini diqqətə çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, tolerantlığın təbliğ və təşviq edilməsi ölkənin əmin-amanlığının qorunmasında başlıca həlqəni təşkil edir. Bu gün qloballaşma heç bir halda müxtəlif icmaların dinc, birgəyaşayış normalarına xələl gətirməməlidir. Təəssüf ki, müasir dünyada baş verən bir çox proseslərdə bunun əksini müşahidə edirik. İctimai missiya daşımalı olan media bu müstəvidə bəzən qeyri-iradi, bir çox hallarda isə məqsədli təfriqəçi rol oynayır. Dinin kənar sifarişlər, təsir və s. hallarla siyasi məqsədlər üçün istifadəsi medianı mütərəqqilik simasından çıxarır. Media, ilk növbədə, həssaslıq və peşəkarlıq nümayiş etdirməli, bu mövzuda hansısa xalqın, etnik qrupun və ya icmanın adət-ənənələr toplusunun təqdimatında reallıq və dəyərlərin təbliği son dərəcə önəmli olmalıdır.
Azərbaycan mediasının dövlətin dini azadlıqlarla bağlı, o cümlədən tolerant mühitin formalaşmasına yönələn siyasətə hər zaman dəstək olduğunu vurğulayan R.Məcid, həmçinin jurnalistlərin dini savadlılığının zəruriliyinə toxunub. Azərbaycan Mətbuat Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə əməkdaşlığının genişləndirilməsinin labüdlüyünü vurğulayıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı milli-mənəvi, o cümlədən dini dəyərlərin qorunması və təbliği istiqamətində mətbuatın üzərinə düşən vəzifələr barədə danışıb. Bildirib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Mənəvi dəyərlərin aşılanması prosesinə diqqət yetirilməli, cəmiyyətdəki sağlam mühitə zərərli təsir edən bəzi təbliğat maşınlarının əleyhinə mətbuat nümayəndələri aktivlik nümayiş etdirməlidirlər. Q.Cavadlı bu baxımdan media nümayəndələrinin dini savadlılığının xüsusi önəm daşıdığını deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “İdeoloji təhlükəsizlik, vicdan azadlığı və media” mövzusunda geniş təqdimatla çıxış edərək, dinə yalnız insanları birləşdirən ictimai fikir forması olaraq deyil, həm də vicdan azadlığı, milli, ideoloji, ictimai təhlükəsizlik aspektlərindən baxmağın vacib olduğunu qeyd edib. Bildirib ki, ölkəmizə xarici dairələr tərəfindən milli-mənəvi və dini dəyərlərimizə qarşı yad ideoloji təhdidlərin olması istisna deyil. Bu kimi mənfi hallarla mübarizə yollarından söz açan Komitə rəsmisi xalqımıza xas dəyərlərin, ictimai şüurun elementlərinin intensiv təbliğatının aparılması, güclü təşkilatlanma və dayanıqlılığın təmin edilməsinin önəmindən danışıb. Tədbir iştirakçılarını din adı altında ölkəmizə yönəlik təhdidlərə qarşı aparılan ideoloji sahədə mübarizənin yolları barədə məlumatlandırıb.
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Yeganə Hacıyeva və Azər Həsrət, “Yeni Müsavat” qəzetinin təsisçisi və rəhbəri Rauf Arifoğlu isə çıxışlarında xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti, sosial medianın gücünün düzgün dəyərləndirilməsi və sair bu kimi məsələlərə toxunaraq, təkilflərini səsləndiriblər.
Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev mövzu ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, Azərbaycanda dini etiqad azadlığı təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı ehtiram şəraitində fəaliyyət göstərirlər. Reallıq bundan ibarətdir ki, ölkəmizdəki dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlərə baxmayaraq, Azərbaycan güclü dövlətdir, özünün təhlükəsizliyini, mənafeyini və milli maraqlarını ən yüksək səviyyədə qorumaq iqtidarındadır.
Konfrans çərçivəsində Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun nəşr etdirdiyi ədəbiyyatlardan ibarət sərgi də nümayiş etdirilib.
Tədbir işini müzakirələrlə yekunlaşdırıb.