Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə iştirak edib
Oktyabrın 14-15-də Varşava mərkəz olmaqla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) iki günlük toplantısı keçirilib. “DTİHB: üç onillik və gələcəyə hazırlıq – demokratiya, insan haqları və təhlükəsizlik” adı altında keçirilmiş toplantıya ATƏT-in üzv ölkələrin nümayəndələri ilə yanaşı, milli və beynəlxalq vətəndaş cəmiyyəti təmsilçiləri də qatılıb.Azərbaycandan qeyd edilən tədbirin iştirakçıları arasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, xarici əlaqələr komissiyasının sədri Azər Həsrət də olub.
Tədbirin açılışında DTİHB direktoru Matteo Mekkasi, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Polşa xarici işlər nazirinin müavini Simon Sinkovski çıxış edərək ötən 30 il ərzində qurumun ATƏT coğrafiyasında qeyd olunan istiqamətlər üzrə verdiyi töhfələrdən danışıb.
Daha sonra tədbir panel müzakirələri ilə davam edib. İki gün ərzində beş ayrı paneldə maraqlı müzakirələr aparılıb.
İştirakçılar “İnsan haqları və demokratiya: ATƏT-in təhlükəsizlik üzrə vahid baxışının irəlilədilməsi”, “Yüksəliş: ictimai və siyasi həyatda inklüziv iştirak”, “Demokratiya ATƏT regionunda tək bir legitim idarəetmə sistemi kimi”, “İnsan haqları və təməl hüquqların birlikdə irəlilədilməsi və qorunması”, “Dözümsüzlük və ayrıseçkiliyin bütün formalarına münasibət, bərabər və inklüziv cəmiyyətlərin qurulması” mövzusunda mütəxəssislərin çıxışlarını dinləyib, maraqlı müzakirələrin iştirakçısı olublar.
Azər Həsrət tədbirlə bağlı qeyd edib ki, bir qayda olaraq bu platformadan öz şər-böhtan kampaniyaları üçün istifadə edən ermənilər bu dəfə susqunluqlarıyla diqqət çəkiblər. Tədbirə qatılan Ermənistan (və xaricdəki erməni) vətəndaş cəmiyyəti təmsilçiləri iki gün ərzində bir dəfə də olsun çıxış etməyiblər. Lakin tədbirin sonunda dövlət təmsilçilərinin bəyanatla çıxış etdiyi paneldə Ermənistanın rəsmi təmsilçisi tribunaya qalxıb. Bununla belə onun öz çıxışında Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ haqqında bir kəlmə də danışmaması diqqət çəkib.
İki günlük tədbirdə daha çox Orta Asiya ölkələri, eləcə də İspaniyadakı bölücü bölgə olan Kataloniya təmsilçilərinin öz dövlətlərinə qarşı çıxışları diqqət çəkib. Eyni zamanda Yunanıstanda daimi təzyiq və təqiblərə məruz qalan Batı Trakya türklərinin məsələsi də diqqətə çatdırılıb.