Azərbaycan Mətbuat Şurasının jurnalistlərin cəbhəboyu ərazilərdə peşə fəaliyyətlərini yerinə yetirmələrinə dair tövsiyələri

about1

Dağlıq Qarabağ münaqişəsinin aktiv hərbi əməliyyatlar mərhələsinin başlanması konfliktlə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması zərurətini aktuallaşdırmaqdadır. Bu baxımdan jurnalistlərin hərbi əməliyyatların getdiyi bölgələrə səfərləri çoxalmaqdadır.

Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinin cəbhə xəttinə yaxın ərazilərdən hazırladıqları materialları izləyir. Bu materiallar vasitəsilə istər əhali, istərsə də xaricdəki həmvətənlərimiz, eləcə də xarici ölkələrin vətandaşları real vəziyyətlə tanış olurlar.

Qeyd edək ki, Azərbaycanda jurnalistlərin hərbi əməliyyatlar zamanı peşə fəaliyyətlərinin tənzimlənməsini həyata keçirən mühüm dövlət sənədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 avqust 2015-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiqlənmiş “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”dır.

Sənəd “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin müvafiq dövlət qurumu ilə razılaşdırılması qaydasını müəyyən edir. Sənəddə KİV əməkdaşlarının telekanal, radio, informasiya agentliyi, mətbu nəşrlər və internet informasiya resursu olmaqla hansı sayda akkreditəsinin mümkünlüyü yer alıb. Göstərilib ki, yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə olunurlar. Qaydalarda həmçinin akkreditasiya üçün təqdim edilmiş sənədlərə baxılma müddəti və proseduru, akkreditasiyadan imtina və onun ləğvi halları, eləcə də digər vacib məqamlar nəzərdə tutulub.

Azərbaycan Mətbuat Şurası hərbi əməliyyatların intensiv xarakter aldığı bu günlərdə jurnalistlərin peşə borcunu cəbhə bölgəsinə yaxın ərazilərdə, təmas xəttində  həyata keçirən media təmsilçilərini uyğun tərzdə qurmağa, qaydalarda nəzərdə tutulanlara, xüsusən təhlükəsizliklə əlaqədar məsələlər əməl etməyə çağırır.

Şura bununla yanaşı “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na, müvafiq beynəlxalq təcrübəyə əsaslanaraq cəbhə bölgəsinə, qoşunların təmas xəttinə yaxın, hərbi əməliyyatların intensiv xarakter aldığı ərazilərdə jurnalist fəaliyyətinin təşkilinə dair aşağıdakıları bildirir:

  • Jurnalistlərin cəbhə bölgəsində üzərində “PRESS” yazılmış gödəkçələrdə olmaları şərtdir;
  • Cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlərin hərbi geyimdə, hərbi gödəkçələrdə, ümumən üzərində hərbi geyimlərə məxsus rəng çalarları olan geyimlərdə olmaları yolverilməzdir;
  • Jurnalistin əlinə silah aldığı müşahidə edilməməlidir. Belə hal onun mübarizə tərəfi kimi qəbul olunma şübhəsi yaradır, habelə həyatını daha çox riskə atmış olur;
  • Jurnalistlər parlaq rəngləri olan geyimlər geyinməməli, daha çox tünd rəngli geyimlərə üstünlük verməlidirlər. Bu imkan verəcək ki, onlar hərbçilərdən fərqlənsinlər;
  • Hərbi əməliyyatlarla bağlı materialların təqdimatında sensasiya axtarışı, sensasion təqdimat və sensasion sərlövhələrdən uzaq dayanmaq vacibdir;
  • Jurnalistlər mütləq şəkildə özlərini qorumalı, hərbi əməliyyatların intensivləşdiyi saatlarda təhlükəsizliyə xüsusi diqqət yetirməlidirlər. Onlar nəzərə almalıdırlar ki, ekstremal durumlarda video və foto çəkilişlərin dəqiqliklə davam etdirilməsi önəmli deyil;
  • Çəkilişlər zamanı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi, dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər həssas informasiyanın yayılması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, bu tələblərin pozulmasına nəzarət aparılır və yol verilmiş nöqsanlar nəinki jurnalistin xidməti ezamiyyətinin başa çatmasını, habelə hərbi baxımdan neqativ nəticələr doğura bilər.

01.10.2020