Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları - XII məqalə

Azərbaycanda peşəkar jurnalist təşkilatının qurulması tarixi 1955-1959-cu illərə təsadüf edir. Azərbaycan Jurnalistlər İttifaqının (AJİ) yaradılması üçün Təşkilat Komitəsi 1955-ci ildə fəaliyyətə başlayıb. Rəsmi sənədlərə əsasən, Təşkilat Komitəsi işini yekunlaşdırandan sonra, 28 mart 1959-cu ildə Azərbaycan Jurnalistlər İttifaqının təsis qurultayı keçirilib. AJİ-nin yaranışı rəsmən bu tarixlə başlayır.

AJİ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə, həmçinin, sovet dövrü mediasının şərtləri ilə qurulsa da, ölkədə azad sözün, plüralizmin təmin edilməsinə çalışıb. Respublikada peşəkar jurnalistika prinsiplərinin tətbiq olunması, qorunub inkişaf etdirilməsi yönündə  xidmətlər göstərib. Hələ Təşkilat Komitəsi statusunda olduğu andan başlayaraq, jurnalistlərin peşə bacarıqlarının artırılması məqsədi ilə kurslar, seminarlar, konfranslar təşkil edib, digər formatlı tədbirlər keçirib. Jurnalistlərin sosial problemlərinin həlli üçün də təkliflər verib.

Bununla yanaşı, AJİ ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə çevik reaksiya göstərib, milli maraqların qorunmasına töhfələr verib. Bu sırada AJİ-nin 1990-cı ilin 20 Yanvar hadisələrinin real mahiyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlər xüsusi diqqət çəkir. Azərbaycanda milli azadlıq hərəkatının yatırılması üçün Sovet İttifaqının qoşun birləşmələri 1990-cı ilin 20 yanvar tarixində Bakıda  kütləvi qırğınlar törədiblər. Paytaxtda tədbirlərin keçirilməsi qadağan edilib. Azərbaycan Jurnalistlər İttifaqının katibliyi bunları nəzərə alaraq, yanvarın 30-da Gəncə şəhərində İdarə Heyətinin plenumunun keçirilməsi haqda qərar qəbul edib. Plenum iştirakçıları Bakıda və ölkənin digər bölgələrində baş verən qanlı hadisələrin səbəbkarlarını kəskin şəkildə tənqid ediblər. Müttəfiq respublikaların parlamentlərinə, Jurnalistlər İttifaqlarına, o cümlədən, BMT və BJF-yə müraciət qəbul ediblər. Bakıda fövqəladə vəziyyət olduğundan, həmçinin, respublikada poçt və teleqraf nəzarətdə götürüldüyündən AJİ əməkdaşları bu müraciəti faciəni əks etdtirən fotolarla birlikdə Dağıstana apararaq, oradan lazımi ünvanlara göndəriblər.

Prosesin davamı kimi plenumda AJİ-nin SSRİ Jurnalistlər İttifaqının tabeliyindən çıxması haqda qərar qəbul edilib. 1992-ci ildə keçirilən 8-ci qurultayda təşkilatın adındakı İttifaq sözü götürülüb, Birlik sözü əlavə edilib. Həmin andan etibarən, Azərbaycan Jurnalistlər İttifaqı Azərbaycan Jurnalistlər Birliyi (AJB) adlandırılıb. Müstəqil təşkilat olaraq, bu gün də fəaliyyət göstərir.  

1990-cı illərin əvvəllərində Azərbaycanın öz müstəqilliyini elan etməsi, demokratik inkişaf yoluna qədəm qoyması ölkədə beynəlxalq standartlara cavab verən, peşəkar, plüralist, müstəqil media subyektlərinin yaranmasını stimullaşdırıb. Bu proses jurnalist təşkilatlarının durumuna da müsbət mənada təsir göstərib. Bu dövrdə təkcə jurnalistlərin peşə bacarıqlarının inkişafının qayğısını çəkməklə kifayətlənməyən, həm də jurnalistlərin hüquqlarını qoruyan, jurnalistlər arasında həmrəyliyin formalaşdırılması üçün çalışan yeni tipli təşkilatlar yaradılıb. Təsadüfi deyil ki, 1994-cü ildə Azərbaycanın aparıcı media subyektlərinin, həmçinin, məşhur imza sahibi olan jurnalistlərin iştirakı ilə yaradılan quruma "Yeni Nəsil" Jurnalistlər Birliyi adı verilib. Təşkilat öz üzərinə müstəqil, azad mətbuatın inkişafına yardım göstərmək, jurnalistlərin hüquqlarını qorumaq, jurnalistlər arasında həmrəyliyin artırılmasını stimullaşdırmaq öhdəliyi götürüb.

1998-ci ildə isə Azərbaycan jurnalistlərinin kütləvi təşkilatlanmasını, həmrəyliyini təşkil edən, azad, demokratik media prinsiplərinin qorunmasını özünün məramnaməsi elan edən daha bir təşkilat - Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) təsis olunub.

Qeyd etmək zəruridir ki, 1990-cı illərdə jurnalist təşkilatları qismində təkcə kütləvi birliklər, ittifaq və assosiasiyalar deyil, həm də Fondlar, Komitələr, Dərnəklər qismində ixtisaslaşmış qurumlar  yaradılaraq inkişaf etdirilib. 1992-ci ildə yaradılmış "RUH" Jurnalistləri Müdafiə Komitəsini, Demokratik Jurnalistlər Liqasını, Beynəlxalq Avrasiya Mətbuat Fondunu və digərlərini bu kontekstdə uğurlu fəaliyyət qura bilmiş təşkilatlar kimi qeyd etmək mümkündür.

Azərbaycan jurnalist təşkilatlarının yaradılıb inkişaf etdirilməsi prosesi 2000-ci illərdə də davam edib. 2003-cü ilin mаrtındа jurnalistika sahəsində daha geniş səlahiyyətlərə, nüfuz və öhdəliklərə malik olan Mətbuаt Şurаsı yаrаdılıb. Mətbuatın özünütənzimləmə missiyası ona həvalə edilib.

Azərbaycan Mətbuat Şurası (AMŞ) tərəfindən icra olunan “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” adlı layihə  çərçivəsində ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının statistik məlumatları da araşdırılıb. Əldə edilmiş nəticələrə əsasən, bu gün Azərbaycanda 37 jurnalist təşkilatı mövcuddur. Onlar haqqında detallı bilgi AMŞ-nin saytında (https://presscouncil.az/), “Azərbaycan Media Landşaftı” bölümündə təqdim edilib. 

"525-c qəzet", 24 oktyabr 2024-cü il.

28.10.2024