İnformasiya prosesini tənzimləyən qanunların pozulmasına görə yaranan məsuliyyət - V məqalə
Azərbaycanda informasiya dövriyyəsinin, həmçinin, media subyektlərinin və jurnalistlərin fəaliyyətini tənzimləyən qanunların pozulmasına görə hüquqi məsuliyyət nəzərdə tutulur. Bu qanunların tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Pozuntuya görə hüquqi məsuliyyət pozuntunun xarakterindən asılı olaraq, həm informasiya sahibinə, həm də informasiya yayıcısına şamil edilə bilir. Məsələn, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsi “Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə” hallarını nəzərdə tutur. Məcəllənin bu bəndi əvvəlcə “KİV və jurnalist hüququndan sui-istifadə halı” anlayışının izahını verir.
Bildirilir ki, “açıqlanması qanunla qadağan edilən məlumatları yaymaq”, “mətbu nəşrdə çap olunan materialların KİV haqqında qanununun tələblərinə uyğun hazırlanmasına nəzarət etməmək”, “KİV haqqında qanunla müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymaq”, “istinad məlumatları göstərilməyən KİV məhsullarını yaymaq, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərmək” və sair bu kimi hallar sui-istifadə halı kimi tövsif olunur. Belə hallara yol vermiş fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər isə 2000 manatdan 3500 manatadək məbləğdə cərimə edilirlər.
Məcəllənin 387-ci maddəsi isə media subyektlərinə qanunsuz, qeyri-şəffaf sponsorluğa görə cərimələri nəzərdə tutur. Bu cür hallara yol vermiş fiziki şəxslər 1000 manatdan 1500 manatadək, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək, hüquqi şəxslər isə 8000 manatdan 10000 manatadək miqdarda cərimə edilə bilirlər.
İnzibati Xətalar Məcəlləsinin 188-ci maddəsinə əsasən, reklamı qadağan olunmuş məhsulların istehsalçıları və onların satışını həyata keçirən şəxslər tərəfindən media subyektlərinə (televiziya və radio yayımı istisna olmaqla) sponsorluğa görə cərimələr tətbiq edilir.
2016-cı ilin 20 fevral tarixində edilən dəyişikliklərdən sonra İnzibati Xətalar Məcəlləsində jurnalist hüquqlarının pozulmasına görə nəzərdə tutulan cərimələrin məbləği artırılıb. Bu kontekstdə xüsusi olaraq, Məcəllənin 382-ci maddəsi yenilənib. Həmin maddə jurnalist sorğusuna qanunla müəyyən edilən müddətdə cavab verilməməsinə görə cərimələri müəyyən edir. Dəyişikliyə əsasən, bu sahədə pozuntuya yol verən informasiya sahibləri üçün cərimələrin məbləği 200 manatdan 500 manatadək artırılır. Qanunla qorunan informasiyalar istisna olmaqla, digər hallar üzrə jurnalistə informasiya verilməsindən imtina edənlər 500 manatadək cərimələnə bilirlər.
İnzibati Xətalar Məcəlləsinin yenilənmiş versiyası “İnformasiya əldə edilməsi haqqında” Qanunu pozan dövlət qurumlarının, onların vəzifəli şəxslərinin cəzalandırılması mexanizmini də ifadə edir. Məcəllənin 374-cü maddəsinə əsasən, ictimai məzmunlu bilgiləri qapalı tutan vəzifəli şəxslər 500 manatdan 700 manatadək cərimələnirlər. Bu hala yol vermiş hüquqi şəxsləri isə 1500 manatdan 2500 manatadək cərimə gözləyir.
Bütün bu maddələrin gerçəkləşdirilməsi üçün hüquqları pozulan şəxslərin inzibati qaydada məhkəməyə müraciət etmələri lazımdır.
İnzibati Xətalar Məcəlləsinin 388-1 maddəsi internet informasiya resurslarında yol verilən qayda pozuntuları üzrə cəza və cərimələri ehtiva edir.
İnternet informasiya resursunun və onun domen adının sahibi tərəfindən yayılması qadağan edilən informasiyaların ictimailəşdirilməsinə görə cərimələr tətbiq edilir. Məlumat üçün qeyd edək ki, internet informasiya resurslarında yayılması qadağan edilən informasiyaların siyahısı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda verilib. Qanunun Maddə 13-3 bəndi ümumilikdə “İnternet informasiya resursunda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması”na həsr edilib.
Məcəllənin maddə 388-1.2. bəndində göstərilir ki, “İnternet informasiya resursu yayılması qadağan edilən informasiyanı ictimailəşdirdiyi təqdirdə” vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilirlər.
İnzibati Xətalar Məcəlləsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də informasiya prosesinin pozulması üzrə bir sıra maddələr mövcuddur. Məcəllənin 147 və 148-ci maddələri informasiya pozuntusu kontekstində intensiv şəkildə istinad edilən maddələrdəndir. 147-ci maddə böhtan (yalan olduğu bilindiyi halda yayılan və hər hansı şəxsin şərəf / ləyaqətini ləkələyən məlumatlar) hallarını nəzərdə tutur. Maddə-148 isə təhqir (şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) hallarını ehtiva edir. Media subyektlərində bu cür pozuntulara yol vermiş şəxsləri 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Maddə 148-1-də göstərilir ki, “İnternet informasiya resursunda saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə halları” 1000 manatdan 2000 manatadək miqdarda cərimə, yaxud 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.