“Media landşaftı” anlayışı və onun əhatə dairəsi - (I məqalə)
Landşaft sözü (landschaft) etimoloji mənşəcə alman dilinə aid edilir. Bu söz ingilis dilində, belə demək mümkünsə, pasportlaşaraq beynəlxalq terminologiyaya çıxıb. Azərbaycan dilində qarşılığı “relyefin təbii görünüşü”, “mənzərə” və digər bənzər sözlərlə ifadə olunur.
Amma “media landşaftı” (media landscape) ifadəsi digər dillərdə istifadə olunarkən, adətən, tərcümə edilmir. Frazeoloji birləşmə olaraq bütöv şəkildə, yerli tələffüzə uyğunlaşdırılaraq orijinal formada işlədilir. Çünki tərcümə olunarkən mahiyyəti tam ifadə etmir. “Media landşaftı” təkcə mənzərə, görüntü deyil, mahiyyət etibarilə həm də təhlildir, şərhdir, analitik hesabatdır. Media məkanının zahiri mənzərəsindən daha çox, bu mənzərəni formalaşdıran, ona təsir göstərən amilləri əhatə edir. Bu baxımdan “Media landşaftı” beynəlxalq termin olaraq, ayrı-ayrı ölkələrdəki media mühiti barədə aydın, dürüst təsəvvür formalaşdıran hesabatları, təhlilləri, analitik materialları ehtiva edir.
Beynəlxalq jurnalist təşkilatları hər hansı bir ölkə üzrə media mühitini dəyərləndirmək üçün “media landşaftı” hesabatlarından bir alət olaraq istifadə edirlər. Ölkələrin reytinqini bu hesabatlar üzrə müəyyənləşdirir. Bu baxımdan, “media landşaftı” beynəlxalq termin olmaqla yanaşı, həm də metodologiyadır, milli media mühitlərini dəyərləndirmək üçün istifadə edilən alətdir.
Beynəlxalq təşkilatlar “media landşaftı”nın tərtibatı üçün istiqamətverici təlimatlar hazırlayıblar. “Beynəlxalq Media Dəstəyi” Təşkilatının müəllifliyi ilə hazırlanmış “Media landşaftının xəritələnməsi üzrə təlimat” (Handbook on Mapping Media Landscapes) xüsusilə önəmlidir. Təlimatda “media landşaftı”nı tərtib etməyin forma və üsulları, onun əhatə dairəsi və sair barədə istiqamətverici bilgilər əks olunub
Hesabatda nələr əks olunur?
Beynəlxalq mərkəzlər ölkələr üzrə media mühitini dəyərləndirərkən 4 mühüm istiqamətə birlikdə diqqət yetirirlər. Media qanunvericiliyinə, KİV-lərin maliyyə müstəqilliyinə, jurnalist təhlükəsizliyinə və nəhayət, etik standartların tətbiqi imkanlarına kompleks şəkildə yanaşılmasını zəruri sayırlar.
Media mühitinin normal olması üçün bu istiqamətlərdən hər birinin normativlərə uyğunluğu vacibdir.
“Media landşaftı”nın bir istiqaməti də media mühitinin dəyərləndirməsi olduğundan, media mühtini ehtiva edən komponentlər həm də “media landşaftı” hesabatlarında əksini tapır. Yəni milli media qanunvericiliyi və onun demokratik prinsiplərə uyğunluğu; KİV-lərin maliyyə qaynaqları, maliyyə müstəqilliyi; jurnalist təhlükəsizliyi; nəhayət etik standartların tətbiqi imkanları ilə bağlı təhlillər “media landşaftı”nda toplanılır.
Bununla yanaşı, hər bir ölkənin özünün spesifik xüsusiyyətləri vardır və bu spesifikliyi əhatə edən amillər də dəyərləndirilərək hesabatlara daxil edilir. Nümunə üçün qeyd edək ki, Azərbaycan Respublikası 30 il müddətində Ermənistanın işğalçı siyasətinə məruz qalıb. Bu siyasətin nəticəsi olaraq, işğala məruz qalmış rayonlarda fəaliyyət göstərən onlarla kütləvi informasiya vasitəsi redaksiyası öz fəaliyyətini dayandırıb, 100-ə yaxın jurnalist qaçqın və məcburi köçkünə çevrilib. Çox sayda jurnalistimiz fiziki xəsarət alıb və ya həyatını itirib. Yəni müharibə, işğala məruz qalma faktoru Azərbaycan media mühitində də dərin izlər buraxıb. Bu baxımdan qeyd edilən faktorun ölkə üzrə hazırlanan hesabatlarda əks olunması zərurətə çevrilib. Mövcud kontekstdə digər ölkələrdə də media mühitini təhdid edən spesifik xüsusiyyətlərin “media landşaftı” üzrə hesabatlara daxil edilməsi məqbul hesab edilir.
Diqqət yetirilən digər bir məqam gender bərabərliyi amilidir. Milli KİV-lərdə gender bərabərliyinin durumu, cinsi ayrı-seçkiliyin yolverilməzliyi şərtlərinə əməl olunmasının vəziyyəti araşdırılır və hesabatlarda əksini tapır.
“Media landşaftı” milli media subyektlərinə çıxış üçün istiqamət verir
Milli media subyektlərinin kəmiyyəti, keyfiyyəti, ünvanları barədə bilgilər də hesabatlarda yer tutan faktorlar sırasındadır. Bu baxımdan milli media subyektlərinin adları, ünvanları, keçid linkləri barədə məlumatların toplanılaraq təqdim edilməsi məqbul sayılır. Bu, hansısa ölkədə etibarlı KİV qurumlarına çıxış əldə etmək istəyənlər üçün istiqamət verir. Bir növ, yol xəritəsi funksiyasını yerinə yetirir.
“Media landşaftı”nın tərtib edilməsi təkcə beynəlxalq reytinqölçən təşkilatlar deyil, həm də hesabatların əhatə etdiyi ölkələr üçün faydalıdır. Bu faydaların nədən ibarət olması barədə növbəti məqaləmizdə məlumat veriləcək...
Məqalə Azərbaycan Mətbuat Şurası İctimai Birliyi tərəfindən hazırlanıb
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. “Azərbaycan Media landşaftı” barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Mətbuat Şurası (AMŞ ) tərəfindən icra olunan “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 12 məqalənin dərc edilməsi nəzərdə tutulub.
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
"525-ci qəzet", 30 iyul 2024-cü il.