Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib

about1

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Mətbuat Şurasının jurnalistlər üçün keçirdikləri müsabiqənin qalibləri mükafatlandırılıb.

İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, millət vəkilləri, media təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 23 iyulda Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötdüyünü xatırladaraq bildirib ki, düşmən qüvvələri digər rayonlarımızda olduğu kimi, Ağdamda da bütün tarixi dini abidələri məhv edib, 17 məscidi tamamilə dağıdıb. Daha sonra Ağdamda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Mətbuatın yaranması və inkişafı tarixinə nəzər salan M.Qurbanlı bildirib ki,  Ümummilli Lider Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərib. O, hazırda Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatının daha da inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb. Komitə sədri qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də inkişaf və tərəqqi əldə edilib.

M.Qurbanlı dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə də toxunub. Dövlət Komitəsinin sədri bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında hüquq mühafizə orqanları ilə yanaşı kütləvi informasiya vasitələrinin də rolu çox önəmlidir.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının və cəmiyyətinin həyatında medianın çox böyük rol oynadığını deyib. Ə.Amaşov qeyd edib ki, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. “Azərbaycan mətbuatı sağlam ruhludur, nəinki İslam dininə, bütün dinlərə sayğı ilə yanaşır və bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirir”, - deyən Ə.Amaşov əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın maarifçilik xəttində dini maarifləndirmənin, xurafata, cahilliyə, geriliyə qarşı mübarizənin də müstəqillik xətti kimi əsas götürüldüyünü önə çəkib. Ə.Amaşov güclü mətbuata sahibliyin güclü dövlətə sahiblik anlamında müstəsna divident olduğunu vurğulayıb.

Deputat çıxışında eyni zamanda müasir dövrdə sosial şəbəkələrdə dini təfriqə meyllərinin mövcudluğundan və bu sayaq mənfi təmayüllərlə mübarizədə medianın rolundan söz açıb.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov Milli Mətbuat Günü münasibətilə Şeyxülislam Allahşükür Paşazadənin təbriklərini çatdırıb. O bildirib ki, QMİ bu cür tədbirlərin keçirilməsində maraqlıdır, çünki qurum olaraq əsas nizamnamə vəzifələrindən biri də İslam dininin təbliğ olunmasıdır. Bu baxımdan KİV-in müstəsna rolunun olduğunu bildirən Simran Həsənov vaxtaşırı düzgün, əsaslandırılmış, İslamın humanitar ideyalarına uyğun məlumatların cəmiyyətə ötürülməsini yüksək qiymətləndirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin media nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan söz açaraq bildirib ki, Milli Mətbuat günü münasibətilə dövlət başçısının  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat vəsait ayırması bu sahədə fəaliyyət göstərən jurnalistlərin əməyinin yüksək qiymətləndirilməsinin sübutudur.

Daha sonra çıxış edən  “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə medianın dini radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində üzərinə düşən vəzifələr barədə danışıblar.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan etdikləri “Din və media” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

QALİBLƏR:

 

Həvəsləndirici: 

Kənan Quliyev – “Yeni Müsavat” qəzeti  - 150 azn

Günay Cəfərova – APA informasiya agentliyi – 150 azn

Amin Nəzərli – Femida.az saytı – 150 azn

Samirə Səfərova – “Bakı xəbər” qəzeti  - 150 azn

Elnurə Abuşova – “Mövqe” qəzeti – 150 azn

Namidə Kərimova – Modern.az informasiya agentliyi – 150 azn

 

III yer:

Şahin Hüseynzadə - Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC – 600 azn

Elçin Mehdiyev- Trend müstəqil informasiya agentliyi – 600 azn

Əhməd Məmmədov – “İki sahil” qəzeti – 600 azn

 

II yer:

Qaşqay Ramazanov – “Yeni Azərbaycan” qəzeti  - 800 azn

İsgəndər Həsənov - "525-ci qəzet"  - 800 azn

 

I yer:

Elçin Cəfərov - “Azərbaycan” qəzeti  - 1000 azn

 

23.07.2019