Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsalın 70 illik yubileyi qeyd olunub
Həmkarları, qələm dostları və iş yoldaşlarının iştirakı ilə keçirilən yubiley tədbirində ona Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Birliyinin xatirə hədiyyəsi olan qol saatı təqdim edilib.
İstedadlı jurnalistin yaradıcılığı vaxta, zamana sığmasa da...
Beynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı-jurnalist Hidayət Elvüsalın 70 illik yubileyi münasibətilə keçirilən tədbirdə daha çox onun qələminin məhsulu olan felyeton, pamflet, eləcə də digər janrlardakı yazılarının ədəbi-bədii və publisistik keyfiyyətindən danışılıb.
Mərasimi Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq Hidayət Elvüsalın yaradıcılıq keyfiyyətlərindən bəhs edərək deyib: “Ötən əsrin 90-ci illərində ən populyar qəzetlərdən olan “Səhər”in çox satılmasının və oxunmasının bir səbəbi oradakı operativ və dolğun informasiyalar idisə, digər bir səbəbi onun səhifələrində demək olar ki, hər gün dərc olunan “Belə-belə işlər” rubrikası idi. Həmin rubrikanın müəllifi isə Hidayət Elvüsal idi”.
Mərasim iştirakçılarından “Səhər”in redaktoru, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə qələm dostunun istedad və yaradıcılığının böyük rəğbətlə qarşılandığını söyləyərək deyib: “O vaxt oxucuların düz sözə, həqiqəti əks etdirən yazılara ciddi ehtiyacı vardı. “Səhər”in oxucuları Hidayətin haqq sözünə inanmışdılar. Hətta Xalq şairi Bəxtiyar Vahabzadə bir gün mənə zəng edərək onun yazılarını çox böyük maraqla oxuduğunu bildirdi və onu “müasir dövrümüzün Mirzə Cəlili” adlandırdı”.
Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov Hidayət Elvüsalın yaradıcılıq məziyyətlərindən, publisist kimi üstün keyfiyyətlərindən, bir yerdə işlədikləri dövrdəki fəaliyyətindən danışıb.
Qələm dostları adından çıxış edən Fazil Güney, Maral Poladova, Akif Cabbarlı, Əlipənah Bayramov, Rafiq Hacıyev, Tahir Aydınoğlu, iş yoldaşları adından Rizvan Hilaloğlu, Sənubər Əkbərova və başqaları Hidayət Elvüsalın qələmindən çıxan müxtəlif janrlı yazıların gənc jurnalistlər üçün örnək, yaradıcılıq məktəbi olduğunu qeyd ediblər. Son illər həm də bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Hidayət Elvüsalın “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən buraxılan “Kəlbəcər” adlı mahnılar toplusu da mərasim iştirakçılarına təqdim olunub.
Yubiley mərasiminin yekununda Hidayət Elvüsal çıxış edərək ona göstərilən diqqət və qayğıya görə həmkarlarına və mərasim iştirakçılarına minnətdarlığını bildirib.
azertag.az