Şirməmməd Hüseynovla vida mərasimi keçirildi

about1

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.

Vida mərasimində Təhsil Naziri Ceyhun Bayramov, BDU rəhbərliyi, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, ictimaiyyət nümayəndələri, müəllim heyəti və mərhumun ailə üzvləri iştirak ediblər.

Şirməmməd Hüseynovun dəfn mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, onunla birgə universitetdə dərs demiş müəllim yoldaşları, qızı Fərəh Əliyeva öz xatirələrini bölüşüblər.

Mərasimdə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov çıxış edərək Şirməmməd Hüseynovun jurnalistika sahəsində əvəzsiz xidmətlərindən danışıb: " Biz bu gün Azərbaycan jurnalistikasının sonuncu magikanını yola salırıq. İndi də jurnalistika sahəsində sözünü demiş əksər nümayəndələr məhz onun məktəbinin davamçılarıdır. O, düzlük, doğruluq nümayəndəsiydi. Allah rəhmət eləsin!"

Şirmməməd Hüseynovun qızı atasının 60 il ərzində gedib-gəldiyi universiteti öz evi kimi hiss etdiyini bildirdi və vida mərasiminin bu universitetdə keçirilməsini ona bir daha göstərilən dəyərin göstəricisi olduğunu qeyd etdi. Həmçinin, mərasimdə iştirak edənlərə də öz təşəkkürünü bildirdi.

Vida mərasiminin sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, çıxış edərək Ş.Hüseynovun ruhuna dua oxuyub. Bundan sonra mərhumun nəşi 2-ci Fəxri Xiyabana aparılıb.

Professor Ş.Hüseynovla vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin köməkçiləri Fuad Ələsgərov və Əli Həsənov da iştirak ediblər.

Qeyd edək ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

Xatırladaq ki, Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub.

1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU, Jurnalistika fakültəsinin dekanı olub. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU, mətbuat tarixi kafedrasının professorudur. Azərbaycan Demokratik Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.

O, 1966 və 1972-ci illərdə “Qızıl qələm" mükafatına, 1988-ci ildə Respublikanın əməkdar jurnalisti adına, 1991-ci ildə Zərdabi adına mükafatına, 1992-ci ildə Y. Məmmədəliyev adına mükafata, 1998-ci ildə M. Ə. Rəsulzadə adına mükafata, 2014-cü ildə "Şərəf" ordeninə layiq görülüb.

Şirməmməd Hüseynov “Milli haqq və ədalət axstarışında”, “Mənəvi irsimiz və gerçəklik” və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin!

musavat.com

25.06.2019