Əməkdar jurnalist İbrahim Rüstəmlinin 60 illik yubileyi

Azərbaycan Mətbuat Şurasında əməkdar jurnalist İbrahim Rüstəmlinin 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.7
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid İ.Rüstəmlinin həyat və yaradıcılıq yolundan danışaraq, yubilyarın mətbuatda öz dəst-xəttinin olduğunu, təkcə hərbi jurnalistikada deyil, poeziyada və nəsrdə də böyük uğurlar qazandığını bildirib. Şura sədri yubilyara rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.
Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elçin Mirzəbəyli İ.Rüstəmlinin yüksək bacarığı və istedadı ilə fərqləndiyini, bir dost və qayğıkeş insan kimi cəmiyyətə nümunə olduğunu söyləyib.
Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, "Azxeber.com" saytının baş redaktoru Hacıbəy Heydərli, həmçinin, filologiya üzrə fəlsəfə doktoru Əminə İbrahimli, professor Seyfəddin Rzasoy, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, tələbə yoldaşı, şairə Xatirə Rəhimbəyli, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, Vətən müharibəsi qazısı, rejissor Nicat Cəlilov, ehtiyatda olan mayor, hərbi jurnalist Səfər Mahmudzadə, ehtiyatda olan kapitan, jurnalist Babək Göyüş, şair Faiq Balabəyli, filoloq Niman Məmmədli, ekspert İlqar Hüseynli, həmkarları Miraslan Əzizxanlı, Vasif Süleyman, Natiq Muxtarlı və başqaları yubilyarın hərbi jurnalistika sahəsindəki xidmətlərindən, peşəkar fəaliyyətinin ayrı-ayrı məqamlarından söz açıb, xatirələrini bölüşüblər.
Qeyd edək ki, ehtiyatda olan polkovnik-leytenant İbrahim İbad oğlu Rüstəmli 1966-cı il avqustun 1-də Biləsuvar rayonunun Səmədabad kəndində dünyaya gəlib. 1990-cı ildə Nəsrəddin Tusi adına Pedaqoji Universiteti bitirdikdən sonra “Mübarizə” qəzetində əmək fəaliyyətinə başlayıb. Uzun illər “Azərbaycan Ordusu” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini, baş redaktor vəzifələrində çalışıb. Ordu quruculuğundan bəhs edən müxtəlif janrlarda yüzlərlə məqalənin, “Anama deyin”, “Sərkərdə”, “Mübariz alay”, “Qıfıl” və s. kitabların müəllifidir. O, “Qüsursuz xidmətlər görə” medalının hər 3 dərəfəcəsi və digər medallarla, həmçinin, “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adı ilə təltif olunub.