Mətbuat Şurasının sədri Trend BİA-nın 30 illik yubileyi ilə bağlı toplantıda iştirak edib

about1

Mətbuat Şurasının sədri Rəşad Məcid Trend Beynəlxalq İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 30 illiyi ilə bağlı bu media qurumunda keçirilmiş toplantıda iştirak edib.

MŞ sədri bildirib ki, Trend BİA jurnalistikasının inkişafında, informasiya təhlükəsizliyinin təminatında və peşəkarlıq prinsiplərinin qorunmasında mühüm rol oynayıb. O, yubilyar media qurumunun həm media mühitimizin zənginləşməsinə, həm də Azərbaycanın dünyada obyektiv şəkildə təmsil olunmasına mühüm töhfə verdiyini vurğulayıb. Agentliyin peşəkar komandasının yeni media çağırışlarına çevik uyğunlaşaraq, informasiya bazarında etibarlılıq nümunəsi ortaya qoyduğunu deyən R.Məcid əlavə edib ki, Trendin uğurları Azərbaycan mediasının inkişafına töhfə verəcək mühüm təcrübədir.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova  bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə medianın inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu xəttin Prezident İlham Əliyev tərəfindən də davam etdirildiyini vurğulayan S.Mikayılova bildirib ki, belə bir əlverişli mühitdən faydalanan Trend 30 il ərzində etibarlı xəbər mənbəyi kimi cəmiyyətə xidmət göstərib, obyektivliyi və operativliyi ilə oxucuların inamını qazanıb.

Daha sonra MŞ sədri R.Məcid Trend İnformasiya Agentliyinin bir sıra əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələr təqdim edib. Qeyd edək ki, yubilyar media orqanı Mətbuat Şurasının diplomu ilə də təltif olunub. R.Məcid diplomu Trend BİA-nın baş direktoru İlqar Hüseynova təqdim edib.

01.09.2025