“Xalq qəzeti”nin kitabxanası” – İttifaq Mirzəbəylinin üç kitabının təqdimatı keçirildi

about1

Mətbuat Şurasında respublikanın əməkdar jurnalisti İttifaq Mirzəbəylinin “Xalq qəzeti”nin kitabxanası” seriyasından olan “And və əməl”, “Baş redaktorlarımız haqqında yazılanlar” və “Unudulmazlar redaksiyası” kitablarının təqdimatı keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ-nin icraçı katibi Əvəz Rüstəmov bildirib ki, uzun illər “Xalq qəzeti”ndə fəaliyyət göstərmiş, ömrünü sevdiyi jurnalist işinə sərf etmiş İ.Mirzəbəyli bu kitablarla çalışdığı media orqanının həm ölkəmizin həyatında oynadığı rolun böyüklüyünü vurğulayıb, həm tarixiliyini göstərib, həm də əsl jurnalistika məktəbi obrazını canlandırıb. İ.Mirzəbəyli özünün peşəkar qələmi ilə yaddaşları cilalayıb, uğurlarına əmək verdiyi qəzetin salnamə mahiyyətini diqqətə çatdırıb. Ə.Rüstəmov, həmçinin, nəşrlərin təqdimatının MŞ-nin Ahıl Jurnalistlər Məclisinin xətti ilə gerçəkləşdiyini də deyib.

Qeyd edək ki, “And və əməl” kitabı Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı kimi vəzifə səlahiyyətlərinin icrasına başlayarkən verdiyi  “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olacağam” sözünün reallığa çevrilməsi barədədir. Nəşrdə yer almış məqalələrin əksəriyyəti İkinci Qarabağ müharibəsi zamanı qələmə alınıb. “Baş redaktorlarımız haqqında yazılanlar” kitabı bilavasitə “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun təşəbbüsü ilə işıq üzü görüb. “Unudulmazlar redaksiyası”na gəlincə, nəşr publisistik materiallar və xatirələr toplusu kimi diqqət çəkməkdədir. Ümumən, hər üç kitabın layihə rəhbəri və məsləhətçisi Əflatun Amaşovdur.

“Xalq qəzeti”nin baş redaktor müavini Qüdrət Piriyev təqdimatı keçirilən kitabların redaktoru kimi fikirlərini bölüşərkən, nəşrlərdə yer almış materialları böyük qədirbilənlik nümunəsi olaraq dəyərləndirib, qəzetdə əməyi keçmiş şəxslərlə bağlı fikirlərini bölüşüb, onların ziyalı keyfiyyətlərinə dair müxtəlif məqamları qabardıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Ə.Amaşov rəhbərlik etdiyi nəşrin 150 illik yubileyi Azərbaycan Prezidentinin Sərəncamı ilə dövlət səviyyəsində qeyd ediləcək milli mətbuatımızın tarixində özünəməxsus rol oynadığını bildirib və deyib ki, İ.Mirzəbəylinin müəllifi olduğu nəşrlər istər bu rola dəyər verilməsi, istərsə də ənənələrin yaşadılması baxımından son dərəcə vacibdir.

İ.Mirzəbəylinin həmkarları, iş yoldaşları, tələbəlik dostları, eləcə də “Xalq qəzeti”nə rəhbərlik etmiş, habelə qəzetdə çalışmış mərhum şəxslərin ailə üzvləri təqdimatı keçirilən nəşrlərin özündə bütöv bir tarixi mərhələni yaşatdığını bildiriblər. Onlar hər üç kitabın jurnalistikanın timsalında bütövlükdə söz sənətinin daşıdığı ictimai missiyanın müstəsna önəmini bənzərsiz şəkildə ifadə etdiyini diqqətə çatdırıblar. Çıxış edənlər, həmçinin, İ.Mirzəbəylinin peşəkar jurnalist qabiliyyətinin, həssas duyumunun, nəcib keyfiyyətlərinin məhsulu olan nəşrlərin örnək mahiyyətini əsaslandıran müxtəlif cəhətlərdən də söz açıb, xatirələrini bölüşüblər. İ.Mirzəbəyli əməyinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Sonda çıxış edən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı Mətbuat Şurasının belə təqdimatların təşkili ilə dəyərləri yaşatmaq ənənəsinin bundan sonra da davamlı olacağına əminliyini ifadə edib, İ.Mirzəbəyliyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Onu da bildirək ki, İ.Mirzəbəyli (Qaçayev İttifaq Məmmədcan oğlu) 1953-cü ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində doğulub. Jurnalist fəaliyyətinə “Dalğa” qəzetində ədəbi işçi kimi başlayıb. Sonra həmin nəşrin məktublar şöbəsinin müdiri vəzifəsini tutub. Daha sonra Azərbaycan Dövlət Radiosunun Xəbərlər baş redaksiyasında redaktor, şərhçi və “Son xəbərlər” şöbəsinin müdiri olub. İ.Mirzəbəyli “Xalq qəzeti”ndə operativ müxbir, parlament müxbiri, siyasi analitik qrupun üzvü və İctimai-siyasi məsələlər şöbəsinin müdiri olaraq fəaliyyət göstərib. Hazırda təqaüddədir. O, 2005-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb. Veteran qələm sahibi 10-dan çox kitabın müəllifi, çoxsaylı nəşrlərin tərtibçisi və ön söz müəllifidir.

13.05.2025