Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını açan MŞ sədrinin müavini, komissiya sədri Səadət Məmmədova gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyulara qəbul edilib.
İclasda müzakirə edilən ilk məsələ “Allsport.az” saytına qarşı şikayət olub. Müzakirələr nəticəsində müəyyənləşib ki, sözügedən saytın şikayətçi tərəfə münasibətində qərəzli motivlər var və bu, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın pozulmasına səbəb olub. İlk növbədə, “Allsport.az” tənqidi materialda qarşı tərəfin mövqeyinin öyrənilib bildirilməsi tələbinə əhəmiyyətsiz yanaşıb. Bütün bunlar sayt barədə Şuranın İdarə Heyətinin müvafiq qərarının çıxarılmasını şərtləndirib. Komissiya bununla bağlı qurumun Katibliyinə İH-yə təqdimat hazırlamaq tapşırığı verib.
İclasda fəaliyyəti narazılıq doğurmuş digər media subyektlərinin də tənqid hədəflərinə münasibətində eyni prinsipi pozduqları müəyyənləşdirilib. Komissiya üzvləri, eyni zamanda, bir sıra şikayət müəlliflərinin mediadan narazılığının əsassızlığı rəyinə gəliblər. Bu zaman Şuraya müraciətlərin düzgün əsaslandırılmaması, habelə şikayət müəlliflərinin medianın ictimai missiyasını nəzərə almamaları üzərində dayanılıb.
İclasda Şuranın Katibliyinin müxtəlif media orqanlarından şikayətlərin ilkin mərhələdə araşdırılmasına və narazılıqların aradan qaldırılmasına dair məlumatı da dinlənilib.