Qocaman jurnalist A.Əbdüloğunun 85 illik yubileyi ilə bağlı toplantı
Bu gün Mətbuat Şurasında tanınmış jurnalist, publisist və yazıçı Arif Əbdüloğlunun 85 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Bakı Dövlət Universitetinin (o zamankı Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almış yubilyar hələ tələbəllik illərində universitet qəzetində müxbir kimi fəaliyyət göstərib. 1963-cü ildə göndərişlə Zaqatalada çıxan rayonlararası “Qırmızı bayraq” qəzetində işə başlayıb. Üç il sonra dövrün populyar “Sovet kəndi” qəzeti redaksiyasına dəvət alıb. Uzun illər bu nəşrdə böyük əzm və enerji ilə çalışıb, ona yeni nəfəs gətirib, buradakı əməyi yüksək dövlət təltiflərinə, o cümlədən Azərbaycan Jurnalıstlər İttifaqının “Qızıl qələm” mükafatına layiq layiq görülüb.
R.Məcid A.Əbdüloğlunun jurnalistika ilə yanaşı, bədii yaradıcılıq sahəsində də aktiv fəaliyyət göstərdiyini vurğulayıb. Şura sədri bildirib ki, yubilyarın şeirləri xalq şairi Bəxtiyar Vahabzadənin 1960-cı ildə tərtib etdiyi “Aprel çiçəkləri” almanaxında yer alıb. A.Əbdüloğlu həmin il “Azərnəşr”in çap etdiyi “Mənzərin kəhrizi” oçerk kitabının ikinci müəllifi olub. Yubilyarın “Yamaclarda xəzinə” və “Vətəndir - sevdiyim sevildiyim yer” şeirlər və poemalar kitabları da işıq üzü görüb. O, “Sovet kəndi” illüstrasiyalı kitabının tərtibatçısı kimi də tanınıb. R.Məcid, eyni zamanda, diqqəti A.Əbdüloğlunun, 2024-cü ildə çapdan çıxmış “Bütövləşən Vətənim” kitabına da çəkib, qocaman jurnalistə rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.
Toplantıda çıxış edənlərdən “Bütövləşən Vətənim” kitabının ön söz müəllifi, filologiya elmləri doktoru, professor Telman Cəfərov, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini, şair, yazıçı və publisist Vaqif Bəhmənli, respublikanın əməkdar jurnalisti Rüstəm Rüstəmov, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, keçmiş iş yoldaşları Sədaqət Kərimova və Müzəffər Məlikməmmədov, övladları Nərgiz İsmayılova və Rövşən İsmayılov, həyat yoldaşı Gülşən Qədimova, yaxın qohumları Sevinc Əfəndiyeva, Nigar Yusifova, Təranə İbrahimova, Elmira Qədimova və başqaları A.Əbüloğlunun istər “Sovet kəndi” qəzetindəki, istərsə də ümumən yaradıcı şəxs kimi fəaliyyətinin örnək səciyyə daşıdığını əsaslandırıblar.
Toplantıda vurğulanıb ki, yubilyarı səciyyələndirən ən böyük xüsusiyyət onun milliliyidir. Milli köklərə, milli yaddaşa bağlılıq və bunu yaradıcılığa gətirmək isə yüksək istedad və peşəkarlığın nəticəsidir. Çıxış edənlər, həmçinin, A.Ədüloğlunu səmimi insan, qayğıkeş dost və gözəl ailə başçısı kimi xarakterizə edən cəhətlərdən də söz açıb, təbriklərini, xoş arzu və diləklərini çatdırıblar.
Tədbirin sonunda A.Əbdüloğlu həyat yoluna və yaradıcılığına verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.