İsrafil Qurbanovun 75 illik yubileyi qeyd edilib
Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizin peşəkar jurnalistika məktəbinin layiqli təmsilçilərindən olan İsrafil Qurbanovun 75 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmuş İ.Qurbanovun özünəməxsus həyat yolunda daşıdığı peşənin məziyyətlərini dövlət idarəçiliyi ilə çulğalaşdırmaq ön planda dayanıb. Azərbaycan Jurnalistlər İttifaqının “Müxbir” bülletenində əmək fəaliyyətinə başlamış yubilyar rus və Azərbaycan dillərində tarixi materiallarla sərbəst işləmək bacarığına görə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutuna baş elmi işçi vəzifəsinə irəli çəkilib. O, 1981–1987-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti aparatında böyük məsləhətçi kimi rəsmi materialların Azərbaycan dilində hazırlanıb nəşr edilməsində fədakarlıq göstərib.
1989–1991-ci illərdə Azərbaycan KP MK-da kargüzarlıq ana dilimizdə təşkil ediləndə İsrafil Qurbanov bu sahədə təçrübəli praktik dil mütəxəssisi kimi partiya aparatında təlimatçı vəzifələrinə gətirilib. 1991-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti Admisitrasiyasında məsləhətçi, sektor müdiri, 2007-cı ildən isə şöbə müdirinin müavini vəzifələrini tutub. O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarına, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb.
R.Məcid, həmçinin, İ.Qurbanovun həmişə jurnalist dostlarının çevrəsində olduğunu, ümumən söz sənətinə xidmət etdiyini vurğulayıb və rəhbərlik etdiyi qurumun diplomunu ona təqdim edib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışında İ.Qurvanovun jurnalist-tələbə olduğu vaxtdan indiyədək hər zaman daşıdığı peşənin təəssübünü çəkdiyini bildirib, yubilyarı jurnalistikanın dövlət idarəçiliyinə və ölkəmizin ziyalı mühitinə qazandırmış şəxs kimi səciyyələndirib.
Toplantıda çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, folklorşünas Əli Şamil, AMEA-nın Ədəbiyyat İnstitutunun redaktoru Maral Poladova, əməkdar jurnalist Rəhim Hüseynzadə, Kinemotoqrafçılar İttifaqının redaktoru Akif Cabbarlı, professor Seyfəddin Altaylı, iqtisadçı Qənimət Səfərov, şərqşünas Abbasəli Həsənov, “Əqli mülkiyyət” jurnalının ədəbi redaktoru Şərif Kərimli, həmin jurnalın əməkdaşı Şöhlət Abbas və başqaları İ.Qurbanovun fəaliyyətində jurnalistikaya yüksək dəyəri vurğuladığını diqqətə çatdırıblar. Onlar bildiriblər ki, yubilyar respublikamızın ən çətin dövrlərində ana dilimizin qorunmasına, ana dilli dövlət karguzarlığının formalaşmasına, ümumən informasiya işinin təşkilinə böyük əmək sərf edib, hər zaman jurnalist cameəsinə yaxınlığı ilə seçilib.
Sonda çıxış edən İ.Qurbanov keçdiyi ömür yoluna və fəaliyyətinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.