Gənc jurnalistlər mükafatlandırılıb
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində keçirilən layihə üzrə daha iki iştirakçı mükafatlandırılıb. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digər şəxslərin iştirak etdiyi tədbirdə BDU-nun Jurnalistika fakültəsinin tələbələri Nəzri Süleymanova və Aytən Babaşova diplom və pul mükafatı ilə təltif edilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, BDU, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən reallaşdırılmış “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində bundan əvvəl dördgünlük təlimlər keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub.
Təlimlərdə BDU-nin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, fotojurnalistika üzrə mütəxəssis Mirakif Babayev, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü Vüqar İbadov, BDU Jurnalistika fakültəsinin müəllimi Aygün Qurbanlı, “Anadolu” agentliyinin foto müxbiri Ruslan Rəhimov və Rəsul Rəhimov, “Reuters” agentliyinin əməkdaşı Əziz Elxanoğlu öz təcrübələrini gənc fotojurnalistlərlə bölüşüblər.
Xatırladaq ki, bu təlimlər, Azərbaycanda gənc fotojurnalistlərin və bu sahədə çalışmaq istəyən tələbələrin yaradıcılıqlarını inkişaf etdirmək və kommersiyalaşdırmaq üçün imkanlar yaratmaq məqsədi güdür. Layihə, fotojurnalistlərin və tələbələrin işlərini rəqəmsal platformalarda yaymaq və satmaq üçün imkanlar yaratmaq, həmçinin yerli və beynəlxalq əməkdaşlıqları təşviq etməkdədir.