Əməkdar jurnalist Yasin Qarammədlinin vəfatı ilə bağlı nekroloq
Respublikamızın əməkdar jurnalisti, ömrünü televiziya və radionun, bütövlükdə çağdaş jurnalistikamızın inkişafına, zəngin pedaqoji fəaliyyətə sərf etmiş Yasin Qaraməmmədli vəfat edib.
Yasin Alı oğlu Qaraməmmədli 1938-ci ildə Gürcüstanda anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin Baş Mətbuat İdarəsində (Qlavlit) senzor işləmiş, həmin ilin noyabrından Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə işə dəvət olunmuş, 20 ildən artıq müddətdə burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışmışdır.
Y.Qaraməmmədli imzası bütöv bir jurnalist nəslinin yaşantısıdır. Müəllifi və aparıcısı olduğu proqramlar həmin nəslin yetişməsi, özünü peşəsində və ictimai həyatda təsdiqləməsi üçün stimul rolunu oynamışdır. Azərbaycanın xarici siyasətinə, beynəlxalq siyasətdə ölkəmizin mövqeyinə dair analitik məzmunlu məqalələlərin müəllifi kimi tanınmış Y.Qaraməmmədli televiziya və radio dinləyiciləri ilə yanaşı, oxucu auditoriyasının da sevimlisinə çevrilməyi bacarmışdı. Onun təhlilləri milli ruhu ilə hər zaman seçilmiş, örnək mahiyyət daşımışdır.
Y.Qaraməmmədli paralel olaraq zəngin elmi-pedaqoji fəaliyyət yolu keçmiş, ömrünün sonunadək bitirdiyi ali təhsil ocağında çalışmış, neçə-neçə tələbənin həyatında dərin iz buraxmışdır. Əməyi çoxsaylı mükafatlara, “Əməkdar jurnalist” fəxri adı ilə yanaşı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu kimi dövlət təltiflərinə layiq görülmüş Y.Qaraməmmədlinin yoxluğu Azərbaycan jurnalistikası, elmi, bütövlükdə ictimai mühiti, ziyalı cameəsi üçün böyük itkidir.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Yasin Qaraməmmədlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!