“Fotojurnalistikaya dəstək proqramı” – Milli Mətbuatımızın 150 illiyinə həsr olunan təlimlər başlayır

about1

Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyidir. Bu münasibətlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi, Azərbaycan Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi ilin ilk birgə təşəbbüsünü - “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək proqramı” layihəsini reallaşdıracaq.

Layihə çərçivəsində fotojurnalistika ilə bağlı gənc jurnalistlər və tələbələr üçün təlimlər təşkil olunacaq. Təlimlər BDU-nun Jurnalistika fakültəsində gerçəkləşdiriləcək. Yanvarın 23-də Mətbuat Şurasında layihə ilə əlaqədar mətbuat konfransı keçiriləcək. 

Qeyd edək ki, təlimlər Azərbaycanda gənc fotojurnalistlərin və bu sahədə çalışmaq istəyən tələbələrin yaradıcılıqlarını inkişaf etdirməyə, əməklərini kommersiyalaşdırmağa, xüsusən onların öz işlərini rəqəmsal platformalarda yaymaq və satmaq imkanlarını formalaşdırmağa dəstək məqsədi daşıyır. 

Onu da bildirək ki, sahə üzrə yerli və beynəlxalq əməkdaşlıqları təşviq edəcək təlimlər peşəkarlar tərəfindən aparılacaq, həmçinin, uğurlu iştirakçılar fotojurnalistika sahəsində müvafiq sertifikatla təmin ediləcəklər.

18.01.2025