Özbəkistanlı media təmsilçiləri Mətbuat Şurasında olublar
Bu gün Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Salimovun rəhbərlik etdiyi bir qrup özbəkistanlı jurnalist Azərbaycan Mətbuat Şurasının qonağı olub.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli qonaqları salamlayıb və onları Bakıda görməkdən şad olduğunu bildirib, eyni zamanda Azərbaycan-Özbəkistan media münasibətlərinin vacibliyini dilə gətirib. H.Heydərli həmçinin deyib ki, bu ilin aprel ayında Mətbuat Şurası və Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlı memorandum uimzalanıb və iki ölkə jurnalistləri arasında mütəmadi görüşlər keçirilir.
Daha sonra Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Salimov çıxış edərək deyib ki, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də münasibətlər yüksək səviyyədədir. O bildirib ki, Özbəkistan Jurnalistlər İttifaqı Mətbuat Şurası sıx işbirliyindədir, ortaq layihələr haqda razılıq əldə edilib.
Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov qonaqlara Şuranın iş mexanizmi, yaranma tarixi və ümumi fəaliyyəti barədə geniş məlumat verib. Özbəkistan Jurnalistlər İttifaqının Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arif görüşün əhəmiyyətini vurğulayıb. Daha sonra "Azxeber.com" informasiya portalının baş direktoru Əfsələddin Ağalarov çıxış edərək, Azərbaycan-Özbəkistan əlaqələrinin mövcudluğundan danışıb. Görüşdə iştirak edən "Editor.az” saytının rəhbəri Fərid Şahbazlı Azərbaycan-Özbəkistan əlaqələrinin qarşılıqlı şəkildə inkişaf yoluna qədəm qoyduğunu söyləyib.
Ardınca Özbəkistanın tanınmış jurbalisti Xurşid Dostməhəmməd, Özbəkistan Ali Məclisinin Senat üzvü Mahmud Tahir, gənc jurnalistlər Aziza Alimova, Əmir Hayotzadə çıxış ediblər.