Jurnalist, yazıçı və publisist Şəfər Nasirin 70 illik yubileyi qeyd edilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist, yazıçı və publisist, mətbuat tədqiqatçısı, Qərbi Azərbaycan mətbuat tarixinin fəal araşdırmaçısı Şəfəq Nasirin 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Təbdiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, 1954-cü ildə Beyləqan rayonunda anadan olmuş Ş.Nasir 1976-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Yubliyar əmək fəaliyyətinə “Gənclik” nəşriyyatında başlayıb. Burada korrektor, redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1992-1994-cü illərdə “Təhsil” nəşriyyatında işləyib. 1995-2015-ci illərdə Mərkəzi Seçki Komissiyasının Katibliyində müxtəlif vəzifələr tutub, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xəbərləri”nin redaksiya qrupunda qrup rəhbəri olub. 2016-2021-ci illərdə isə  “Respublika” qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərib.

R.Məcid onu da bildirib ki, Ş.Nasir uzun illərdir dövri mətbuatda müntəzəm olaraq çoxçeşidli yazılarla çıxış edir və bu gün də missiyasını böyük məsuliyyətlə, peşəkarlıqla davam etdirir. Yubilyar ötən əsrin sonlarında xalqımızın azadlıq, müstəqillik uğrunda apardığı mübarizəyə, sonrakı dövrün mərhumiyyətlərinə, ədəbi şəxsiyyətlərin yaradıcılıq yoluna, Qarabağa, Qərbi Azərbaycana dair çoxsaylı məqalələrin müəllifidir.

Filologoya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin yaradıcılığını məxsusi edən cəhətlərdən biri də Azərbaycan jurnalistikasının bir qolu olan İrəvan mətbuatının tədqiqinə geniş yer ayırması, mövcud istiqamətdəki elmi araşdırmalarıdır. O, İrəvanda ilk anadilli mətbuatımız sayılan “Lək-lək” satirik jurnalını (1914) və ədəbi, siyasi, tarixi aspektdən fəaliyyət göstərmiş “Bürhani-həqiqət” (1917) məcmuəsini araşdırıb, hər iki jurnalı transliterasiya edərək, onların kitab şəklində nəşrinə nail olub. Yubilyar qələm sahibi, həmçinin, İrəvanın maarifpərvər ziyalılarının həyat və yaradıcılığına, taleyinə aid, bölgənin dini-mədəni abidələrinə ədəbi ömür verən yazılarla da yadda qalıb. R.Məcid bildirib ki, bütün bu xidmətinə görə Mətbuat Şurası Ş.Nasiri özünün diplomu ilə mükafatlandırıb və təbrik plaketini yubilyara təqdim edib.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, filologiya elmləri doktorları, professor Tofiq Məlikli, professor Rüstəm Kamal, professor Minaxanım Təkləli, filologiya elmləri doktorları Abid Tahirlı, Elçin Mehrəliyev və Pərvanə Məmmədli, iqtisad elmləri namizədi, “Bakı Mətbəəsi” ASC-nin direktoru Şəddad Cəfərov, iqtisad elmləri namizədi, Rusiyada nəşr olunan “Vətən” dərgisinin təsisçisi və baş redaktoru Namiq Murad, şair Şahnaz Şahin və başqaları Şəfəq Nasir yaradıcılığının ayrı-ayrı xüsusiyyətlərindən söz açıb, onu əsl vətənpərvər ziyalı, yorulmaz və zəhmətkeş mətbuat tədqiqatçısı kimi gördüyü işlərə diqqət çəkib, xatirlərini bölüşüblər.

Qeyd edək ki, tədqiqatçı, yazıçı-publisist Ş.Nasir hazırda Qərbi Azərbaycan İcmasında Ziyalılar Şurasının üzvü kimi də fəaliyyətdədir. O, Qərbi Azərbaycana Qayıdış amalı, dədə-baba torpaqlarımız olan yurd yerlərimizə ləyaqətli qayıdışı səciyyələndirən elmi-ədəbi yaradıcılığı ilə seçilir. Yubilyar 12 adda bədii-publisistik, elmi kitabın müəllifi, Azərbaycan Jurnalistlər (1985) və Yazıçılar Birliyinin (1998) üzvüdür. Müxtəlif vaxtlarda “Həsən bəy Zərdabi” mükafatı (1998), eləcə də jurnalistika sahəsindəki araşdırmalara və Məmmədəli Nasir monoqrafiyasına görə Azərbaycan Mətbuat Şurasının diplomu (2014) ilə təltif edilib. O, Prezident təqaüdçüsüdür (2019), Rəsul Rza beynəlxalq mükafatının (2024) laureatıdır.

03.12.2024