Anar Yusifoğunun 50 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mətbuat Şurasında tanınmış jurnalist, İctimai Televiziyanın departament rəhbəri Anar Yusifoğlunun 50 illik yubileyi qeyd edilib. Toplantıya Şuranın İdarə Heyətinin üzvləri, tanınmış jurnalistlər və media rəhbərləri qatılıblar.
MŞ sədri Rəşad Məcid A.Yusifoğlunun fəaliyyətindən söz açıb. O, yubilyarın hələ gənc yaşlarından jurnalistikaya gəldiyini, müxtəlif media orqanlarında məhsuldar çalışdığını, daim sözün təəssübünü çəkərək püxtələşdiyini vurğulayıb, xatirələrini bölüşüb. R.Məcid, həmçinin, rəhbəri olduğu qurumun diplomunu A.Yusifoğluna təqdim edib.
Toplantıda iştirak edən həmkarları tanınmış qələm sahibini həm istedadlı jurnalist, həm də əsl dost, həssas insan və qayğıkeş ailə başçısı kimi xarakterizə edən məqamlardan söz açaraq bildiriblər ki, A.Yusifoğlu analitik məzmunlu məqalələri, habelə telejurnalist kimi parlaq fəaliyyəti ilə örnək mahiyyət daşıyan ömür yolu keçib. Onlar yubilyara uğurlar diləyib, ən xoş və səmimi arzularını çatdırıblar.
Anar Yusifoğlu xoş sözlərə və əməyinə verilən qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib, barəsində səslənmiş hər bir fikrin onu yaradıcılığa səslədiyini vurğulayıb, bundan sonra da eyni əzmlə jurnalist fəaliyyətini davam etdirəcəyini deyib.