MŞ İdarə Heyətinin üzvü “Belarus 24” TV kanalının rəhbər şəxsləri ilə görüşüb
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət Bakıda səfərdə olan “Belarus 24” TV kanalının baş direktoru Pavel Lazovik və onun müavini Dmitri Voronyukla görüşüb.
Belarusun Azərbaycandakı səfirliyində keçirilən görüşdə tərəflər iki ölkə media qurumları arasında iş birliyinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Azər Həsrət qeyd edib ki, Azərbaycan, xüsusən də ölkə mediasının təmsilçiləri beynəlxalq platformalarda Belarus təmsilçilərinin dəstəyini həmişə hiss edib. “O baxımdan əlaqələrin daha da genişləndirilməsi, media təmsilçiləri və media qurumları arasında münasibətlərin dərinləşdirilməsi faydalı olardı”, - deyə Azər Həsrət bildirib.
MŞ nümayəndəsi deyib ki, Azərbaycan və Belarus jurnalist qurumları arasında münasibətlərin də yeni mərhələyə daşınmasına ehtiyac var: “Biz daha sıx əlaqələri təmin etməli, jurnalist qurumlarımızın bir-biri ilə daha yaxın iş birliyi içində olmasına çalışmalıyıq”.
Qonaqlar da öz növbəsində səslənən təkliflərin onlar üçün maraqlı olduğunu qeyd ediblər. Onlar bildiriblər ki, Azərbaycan mediasının bu marağı Belarus üçün də arzuolunandır, ona görə də əlaqələrin genişləndirilməsi üçün gərəkli addımların atılması mütləqdir.
Əlavə edək ki, Belaruslu qonaqlar Azərbaycanla iş birliyi imkanlarını genişləndirmək məqsədilə iki günlük səfərlə Bakıya gəliblər.