Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

about1

Oktyabrın 9-da Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun İdarə Heyətinin üzvləri - Vüqar Rəhimzadəni və Elçin Mirzəbəylini Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmələri münasibəti ilə təbrik edib, hər iki şəxsin parlamentdə medianın maraq və mənafelərinin qorunması üçün dəyərli təşəbbüslərlə çıxış edəcəyinə əminliyini bildirib. Sonra iclasın gündəliyindəki məsələlər barədə məlumat verilib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Əvvəlcə MŞ sədrinin İdarə Heyətinin sonuncu iclasından sonra görülmüş işlərə dair məlumatı dinlənilib. R.Məcid bildirib ki, ötən müddətdə Şurada ölkəmizdə səfərdə olan xarici media təmsilçilərinin iştirakı ilə 4 görüş keçirilib, veteran jurnalistlərin yubileyləri ilə bağlı 3 toplantı təşkil olunub.

MŞ-nin təmsilçiləri ölkəmizdə və xaricdə reallaşmış ümumilikdə 20 tədbirə qatılıblar. Bundan başqa Mətbuat Şurası milli mətbuatımızın 149 illiyi ilə bağlı təntənəli toplantının təşkilində yaxından iştirak edib.

Şura jurnalistlərin sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkiləri işıqlandırmalarını diqqətdə saxlayıb. Qurumun əvvəlcədən müəyyənləşdirilmiş mobil və şəhər telefon nömrələri seçki günü “qaynar xətt” rejimində fəaliyyət göstərib.

Həmçinin, MŞ İdarə Heyətinin üzvləri seçki günü həm paytaxtdakı, həm də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində jurnalistlərin işinə yaradılmış şəraitdə tanış olublar.

Mətbuat Şurası hesabat müddətində, habelə, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Təhsilin İnkişafı Fondu ilə birlikdə media təmsilçiləri üçün 3 müsabiqə təşkil edib. Müsabiqələrdə ümumilikdə 50-yə yaxın jurnalist mükafatlandırılıb.

MŞ sədrinin müavini Vüqar Zifəroğlu çıxışında İdarə Heyətinin son iclasından sonra Mətbuat Şurasının Katibliyində 15 şikayətlə bağlı tərəflər arasında anlaşma əldə olunduğunu diqqətə çatdırıb. 5 şikayət isə Şuranın Şikayətlər üzrə Komissiyasının iclasına çıxarılıb. Həmin şikayətlərdən 4-də cavabdeh media orqanlarının “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na sayğısız yanaşdıqları, əsasən qarşı tərəfin mövqeyinin işıqlandırılmasına əhəmiyyət vermədikləri əksini tapıb, bir məsələdə isə media orqanına qarşı iddia əsassız sayılıb.

İclasda bildirilib ki, MŞ-nin Nizamnaməsinə əsasən Şikayətlər üzrə Komissiyanın hazırkı tərkibi fəaliyyətini başa vurub və yeni tərkib müəyyənləşməlidir. Qeyd edək ki, Nizamnaməyə görə, Şuranın sədr müavinlərinin hər biri iki il müddətinə komissiyaya sədrlik edirlər. Müzakirələrdən sonra sədr müavini Səadət Məmmədovanın rəhbərliyi ilə İH üzvləri Qulu Məhərrəmlinin, Elçin Mirzəbəylinin, Umud Rəhimoğlunun, Müşfiq Ələsgərlinin, Yadigar Məmmədlinin, Aqil Ələsgərin və Yeganə Hacıyevanın Şikayətlər üzrə Komissiyanın yeni tərkibində yer almaları təsdiqlənib.

MŞ-nin İdarə Heyətinin iclasında Şuranın təşəbbüsü ilə bu il oktyabrın 11-də keçiriləcək “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfransla bağlı müzakirə də aparılıb. Toplantıda, həmçinin, “Xalq qəzeti”nin 105 illiyi münasibəti ilə nəşrin baş redaktoru Əflatun Amaşova, Şuranın Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğluna isə 65 illik yubileyi ilə bağlı Mətbuat Şurasının diplomları təqdim olunub.

09.10.2024