Xarici media təmsilçiləri Mətbuat Şurasında olublar

about1

Parlament Jurnalistləri Birliyinin dəvəti ilə 26-29 sentyabr tarixlərində Azərbaycanda səfərdə olan Macarıstanın ən böyük media qurumlarından olan  “Magyar Hirlap” qəzetinin və eyni adlı saytın redaktoru Zsolt Sütö Nagy, Bolqarıstanın Dövlət Xəbər Agentliyinin, “24 chasa”, “Standart” qəzetlərinin və BTV telekanalının əməkdaşı Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayev Azərbaycan Mətbuat Şurasında olub.

Qonaqları salamlayan MŞ sədri Rəşad Məcid Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə doğru və dolğun şəkildə çatdırılmasının vacibliyindən söz açıb. O, 44 günlük müharibədən sonra məsələnin daha aktual olduğunu diqqətə çatdırıb. R.Məcid xarici media təmsilçilərinin ölkəmizə səfərini bu baxımdan yüksək qiymətləndirib, onların işğaldan azad edilmiş bölgələrimizə səfərlərinin böyük təəssürat zənginliyi yaratdığına əminliyini dilə gətirib.

MŞ sədrinin müavini Səadət Məmmədova, Şuranın İdarə Heyətinin üzvləri Elşad Eyvazlı, Hacıbəy Heydərli və Ceyhun Musaoğlu çıxışlarında Azərbaycanın media orqanları ilə ayrı-ayrı ölkələrin media qurumlarının fəal əməkdaşlığına dair məqamları açıqlayıb, bu istiqamətdəki fəaliyyətin səmərəliliyini əsaslandırıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqların sualların cavablandırılıb, həmçinin xatirə hədiyələri təqdim olunub.

29.09.2024