MŞ İdarə Heyətinin üzvləri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfansına qatılıblar
Londonda Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı keçirilib. Tədbirə evsahibliyini Böyük Britaniya mediasının özünütənzimləmə qurumlarından olan “İmpress UK” gerçəkləşdirib. Toplantıda ölkəmizi Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli və qurumun İdarə Heyətinin üzvü Yadigar Məmmədəli təmsil edib.
Tədbir AİPCE-yə üzv təşkilatların illik hesabatlarının təqdimatı və müzakirəsi ilə başlayıb. Ayrı-ayrı ölkələr üzrə mətbuat şuralarının hesabatlarının dinlənilməsindən sonra təşkilati məsələlərə baxılıb. Növbəti bir il üçün AİPCE-nin fəaliyyətini koordinasiya edəcək katiblik formalaşdırılıb. Həmçinin, AİPCE-də “müşahidəçi üzv” statusu almaq üçün müraciət ünvanlamış qurumlar nəzərdən keçirilib.
Təşkilati məsələlər sırasında AİPCE-nin 2025-ci il konfransının keçiriləcəyi ölkənin adının müəyyənləşdirilməsi də müzakirə edilib və Monteneqronun üzərində dayanılıb. Toplantıda, həmçinin, müasir media trendləri ətrafında da diskussiya gedib. “Süni intellektin jurnalistikaya təsirləri”, “ChatGPT, Google Search və müəllif hüquqları”, “Peşəkar KİV-lərin mövcud problemləri və gələcək təhdidlərə qarşı dayanıqlılığın yaradılması”, “Rəqəmsallaşma dövründə media şuralarının rolu” kimi mövzular üzrə panel sessiyalar təşkil edilib.
Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AİPCE) Avropa dövlətlərində fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. 2024-cü ildən etibarən başqa qitələrdəki mətbuat şuralarının da AİPCE-yə müşahidəçi üzv statusunda iştirakına qərar verilib. Azərbaycan Mətbuat Şurası isə AİPCE-nin tamhüquqlu üzvüdür və onunla sıx əməkdaşlıq şəraitində çalışır.