Mətbuat Şurası tanınmış jurnalist Hidayət Elvüsalın vəfatı ilə bağlı nekroloq yayıb
Azərbaycan jurnalistikasına ağır itki üz verib. Veteran jurnalist Hidayət Elvüsal vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.
1949-cu il iyununun 25-də Kəlbəcərdə anadan olmuş H.Elvüsal Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. O, rayonda çıxan “Yenilik” qəzetində, yerli radio verilişləri redaksiyasında çalışıb, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Jurnalist, həmçinin, müxtəlif illərdə “Azərbaycan gəncləri”, “Xalq qəzeti” (o zamankı “Kommunist”) və “Ədalət” qəzetlərində də işləyib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində böyük populyarlıq qazanmış “Səhər” qəzetinin yaradıcılarından biri olan, nəşrdə baş redaktorun müavini kimi fəaliyyət göstərən H.Elvüsal “Belə-belə işlər” və “Kriminal” qəzetlərinə də rəhbərlik edib, dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə tanınıb. “Belə-belə işlər” rubrikası ilə dərc edilmiş saysız-hesabsız yazıları ona cəmiyyətdə böyük populyarlıq qazandırıb.
H.Elvüsal peşəyə xüsusi ahəng gətirən ifadə tərzi, milli mətbuatımızın ənənələrinə sadiqlik ruhu, hadisə və proseslərə məxsusi yanaşması ilə seçilib. Onun vəfatından kədərimizi və üzüntümüzü bildirir, mərhumun doğmalarına və əzizlərinə, qədirbilən həmkar və dostlarına səbr və təmkin diləyirik.
Allah rəhmət eləsin!
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti