Jurnalist İlham Rəhimlinin 75 illik yubileyi münasibəti ilə təbrik
Mətbuat Şurası veteren jurnalist İlham Rəhimlini 75 illik yubileyi münasibəti ilə təbrik edib. Şuranın İdarə Heyətinin üzvləri adından yayılmış təbrik mətnində bildirilib:
“Jurnalistikamızın görkəmli simalarından olan Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin 75 yaşı tamam olur. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri tanınmış qələm sahibini bu münasibətlə təbrik edirlər.
Qətiyyətlə demək olar ki, İ.Rəhimli jurnalistikamızın gücünü Azərbaycan mədəniyyətinin inkişafı naminə səfərbər etməyi bacarmış, əsl peşə örnəyinə çevrilmiş həmkarlarımızdandır. İstər 1972-ci ildən əmək fəaliyyətinə başladığı “Xalq qəzeti”ndə (o zamankı “Kommunist”), istərsə də sonradan çalışdığı “Azərbaycan” qəzetində bu örnəklik səhnəsini canlandıran müxtəlif janrlı çoxsaylı məqalələri var.
İ.Rəhimli, ümumən, səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın yaradıcılıq nümunəsinin müəllifidir. O nümunələrin ki, hər biri fundamentallıq baxımından həm də mühüm tarixi mənbə rolunu oynamaqdadırlar.
Azərbaycan Televiziyasında “Ekran. Kino. Yeniliklər”, “Teatr”, “Yeni tamaşalar”, “Aktyorlar və rollar”, “Sərbəst bu söhbət” verilişlərinin müəllif-aparıcısı olmuş İ.Rəhimli həm də nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı və təbliğatçısı kimi dünyanın müxtəlif ölkələrində keçirilmiş nüfuzlu toplantılarda ölkəmizi ləyaqətlə təmsil edib. 20 filmoqrafiyanın, teatr sənəti ilə bağlı 100-dən çox kitabın müəllifi kimi tanınmış yubilyarın geniş diapazona malik yaradıcılığında pedaqoji fəaliyyət də mühüm yer tutub.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bir daha İlham Rəhimlini 75 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq yollarında yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırlar”.