Mətbuat Şurasının sədrinin “Modern.az” saytına 15 illik yubiley təbriki

about1

“Modern.az” saytı 15 il əvvəl yeni təşəkkül tapmaqda olan internet medianın cəmiyyətdəki yeri və rolu, fəaliyyət dairəsinin spesifik cəhətləri ilə bağlı, kifayət qədər, dolğun təsəvvür formalaşdırmağa nail olmuşdu. Sayt hələ o zaman ortaya bu yeniliyin nümunəsini qoymağı bacarmış, özünəməxsus dolğun, düşündürücü təqdimat tərzi ilə seçilmişdi.

15 yaşını qeyd edən sayt ötən müddətdə nəinki ayaqda qalmağı, eyni zamanda, oturuşmuş peşəkar media orqanına çevrilməyi bacardı. Bu, son dərəcə böyük uğurdur. Uğurun nəticəsidir ki, “Modern.az” təkcə Azərbaycanda deyil, türk dünyasında və bütövlükdə beynəlxalq miqyasda ölkəmizlə bağlı mühüm informasiya mənbəyi, istinad nöqtəsidir. Belə yüksək statusun qazanılması illərin gərgin zəhmətinin, məhrumiyyətlərə və çətinliklərə sinə gərməyin, jurnalistikaya hədsiz bağlılığın mükafatıdır. Bu status, həmçinin, gələcək üçün son dərəcə etibarlı təminatdır.

Qətiyyətlə deyə bilərəm ki, inkişaf edərək hazırda Modern Media Qrupuna çevrilmiş “Modern.az”ı Azərbaycanın media məkanında hələ çox uzun yol gözləyir. Qurumun əməksevər kollektivinə bu yolda çoxsaylı əlamətdar günlər arzulayıram. 15 illik yubileyin gətirdiyi sevinc, qürur və fəxarət hissininin bu kollektivin hər bir üzvünü yeni yaradıcılıq nailiyyətlərinə və bol-bol uğurlara daşıyacağına əminəm.

Ürəkdən təbrik edirəm!

Yubileyiniz mübarək, əziz “Modern.az”çılar!

01.09.2024