Rəşad Məcid: "Rusiya Erməniləri İttifaqının Bakıda səfərdə olan Prezident Putinə müraciəti acizlik əlamətidir"
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin Rusiya Erməniləri İttifaqının Prezident Vladimir Putinə müraciəti ilə bağlı açıqlaması
"Rusiya Erməniləri İttifaqının Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əlaqədar yaydığı müraciəti acizlik əlaməti olmaqla yanaşı, həm də bu ölkədəki erməni diasporunun fürsətçillyini və avantüraya meylliyini aydın nümayiş etdirir. Görünür, qurumun rəhbəri Ara Abramyan və onun yaxın ətrafı belə əsassız çağırışlarla Rusiya rəhbərliyinin mövqeyinə təsir göstərəcəklərini və bu yolla Azərbaycanı öz mövqeyindən çəkinməyə məcbur edə biləcəklərini düşünürər.
Bu faktın özü bir daha göstərir ki, erməni lobbi təşkilatları hansı ölkədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, dünya erməniliyinin və Ermənistan dövlətinin maraqlarını əsas götürür və həmin ölkənin rəsmi siyasətinə təsir göstərməyə çalışırlar. Bir çox hallarda irəli sürülən tələblər həmin ölkələrin milli maraqları ilə tam ziddiyyət təşkil edir və ikitərəfli münasibətlərin zədələnməsinə, hətta pozulmasına gətirib çıxarır. Nümunə kimi erməni lobbisinin maraqlarının ifadəçisinə çevrilmiş Fransanı və onun prezidenti Emmanuel Makronu göstərmək olar. Məhz Fransa rəhbərinin əsassız iddialarının, ermənipərəst siyasətinin və beynəlxalq hüquq normalarına hörmətsiz münasibətinin nəticəsidir ki, vaxtilə inkişaf edən Fransa-Azərbaycan əlaqələri bu gün tarixinin ən acınacaqlı dövrünü yaşayır.
İndi isə Ara Abramyan, Marqarita Simonyan, Aram Qabrielyanov və bu kimi digər erməni diaspor rəhbərləri və fəalları zənn edirlər ki, analoji ssenarini Rusiyada təkrarlayaraq rəsmi Moskvanı Azərbaycanla təzyiq və tələb dili ilə danışmağa məcbur edə bilərlər. Azərbaycanın prinsipial mövqeyini çox yaxşı bilən Rusiya ermənilərinin əsl məqsədi heç də ermənilərin Qarabağa qayıdışına, məhkum olunmuş separatçıların azad edilməsinə nail olmaq deyil, Rusiya-Azərbaycan münasibətlərini zədələməkdir.
Ancaq o da aşkar faktdır ki, Rusiya illərlə Ermənistana hərtərəfli dəstək göstərməsinə baxmayaraq, bu gün Nikol Paşinyanın hökuməti Qərblə yaxınlaşmaq və rəsmi Moskva ilə əlaqələrini kəsmək yolunu tutub. Bu riyakarlıq fonunda Rusiya rəhbərliyinin, ələlxüsus da Vladimir Putin kimi nüfuzlu siyasətçinin erməni lobbisinin istək və arzularına uyğun şəkildə dost ölkələrlə münasibətlərə xələl gətirəcək addımlar atacağını gözləmək yalnız primitivliyin və sadəlövhlüyün əlaməti ola bilər. Artıq Rusiyanın rəsmi dairələri, siyasətçiləri, tanınmış ictimaiyyət nümayəndələri də yaxşı bilirlər ki, nə Ermənistana, nə də onun maraqlarının ifadəçisi olan erməni lobbisinə inanmaq, bel bağlamaq olmaz. Türkiyə ilə olduğu kimi, Rusiyanın da ən çətin, taleyüklü zamanında ona arxadan ilk zərbəni abramyanlar, simonyanlar vuracaqlar.
Rusiya qlobal siyasətdə mühüm yer tutan, qlobal proseslərə təsir imkanına malik ölkə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, regionumuzun ən böyük ölkəsidir. Bu faktoru yalnız Qərb dairələrinin şirin vədlərinə aldanıb öz ölkəsini qarşıdurma arenasına çevirmək istiqamətində siyasət yürüdən Ermənistanın naşı hakimiyyəti nəzərə almaya bilər. Dünyada etibarlı tərəfdaş imici qazanmış Azərbaycan isə öz milli maraqlarına əsaslanan praqmatik siyasət yürüdür, region ölkələri, o cümlədən də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığını inkişaf etdirir və heç bir kənar qüvvənin bu siyasətə xələl gətirməsinə imkan vermir.
Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri proqramının zənginliyi, səfər çərçivəsində Prezident İlham Əliyevlə apardığı müzakirələr, səsləndirdiyi fikirlər aydın şəkildə göstərir ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir. Buna görə də erməni lobbisi pozucu əməllərini davam etdirmək və müxtəlif avantüralarla öz naqis məqsədlərinə nail olmaq yolundan çəkinməli, bununla Azərbaycanın dünyadakı nüfuzuna, ayrı-ayrı ölkələrlə, o cümlədən də Rusiya ilə münasibətlərinə xələl gətirə bilməyəcəyini anlamalıdır".