Mətbuat Şurası “Azərbaycan media landşaftı üzrə məlumat bazası” layihəsi çərçivəsində növbəti konfransını keçirdi

about1

Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində növbəti konfrans keçirilib. Tədbirdə jurnalistlər, redaktorlar, QHT təmsilçiləri iştirak ediblər.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid icra olunan layihənin mahiyyəti barədə məlumat verib və Şuranın təşəbbüsünü dəstəklədiyi üçün QHT Agentliyinə təşəkkürünü bildirib.

MŞ sədri vurğulayınb ki, Azərbaycan mediasının dinamik inkişafı onun mənzərəsini sürətlə dəyişir. “Azərbaycan media landşaftı üzrə məlumat bazası” həm mövcud durum, həm də yeniliklər barədə aydın təsəvvür formalaşdırır.

Rəşad Məcid qeyd edib ki, məlumat bazasında ölkəmizdə informasiya dövriyyəsini tənzimləyən qanunların mətni və internet keçid linkləri, etik standartları müəyyən edən milli və beynəlxalq sənədlərin mətni və keçid linkləri, fəaliyyətdə olan media subyektlərinin adları və keçid linkləri, həmçinin media məkanında gender balansının durumu  barədə statistik göstəricilər və sair bu  kimi  məlumatlar toplanılır.

MŞ Katibliyinin əməkdaşı İlqar Tağıyev toplantı iştirakçılarını Şuranın “Presscouncil.az” saytında yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyasında həyata keçirilmiş son yeniliklər  haqqında məlumatlandırıb.

MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli layihə çərçivəsində aparılan tədqiqatlar barədə danışıb. O, məlumat bazasınında yerləşdirilən bir çox mövzuların Azərbaycanda ilk dəfə tədqiqata cəlb edildiyini diqqətə çatdırıb.

MŞ təmsilçilərinin çıxışları bitdikdən sonra müzakirələr başlayıb. ATV prezidentinin informasiya yayımı üzrə müşaviri Səadət Məmmədova, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Olaylar” Media Qrupunun rəhbəri Yunus Oğuz, “Modern.az” xəbər portalının baş redaktoru Elşad Eyvazlı, CASCFEN sədri Nadir Azəri və digər konfrans iştirakçıları mövzu ilə bağlı fikirlərini çatdırıblar. Çıxışçılar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb. Daha sonra toplantı iştirakçılarının  sualları cavablandırılıb.

09.08.2024