ARDNF-nin və Mətbuat Şurasının birgə müsabiqəsinin qalibləri mükafatlandırılıb

about1

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun və Azərbaycan Mətbuat Şurasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda yerli media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında keçirdiyi analitik yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

ARDNF-nin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş müsabiqənin mükafatlandırma mərasimində Fondun İcraçı direktorunun müavini Bəhruz Bəhramov qaliblərə təbriklərini çatdırıb və bildirib ki, media ötən 25 ildə təmsil etdiyi dövlət qurumunun ən önəmli tərəfdaşlarından olub. Mövcud xüsusdakı əməkdaşlığın şəffaflıq və hesabatlılıq prinsipi əsasında qurulduğunu diqqətə çatdıran Fond rəsmisi ARDNF-nin fəaliyyətinin daim jurnalistlər tərəfindən dolğun şəkildə işıqlandırıldığını vurğulayıb. O, media ilə uzunmüddətli məhsuldar işbirliyinin bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

MŞ sədrinin müavini Səadət Məmmədova Şuranın Dövlət Neft Fondu ilə əməkdaşlıqdan hər zaman məmnunluq duyduğunu deyib. O, analoji müsabiqələrin jurnalistlərin peşə vərdişlərinin artmasında və sahələr üzrə ixtisaslaşmalarında böyük əhəmiyyət daşıdığını bildirib.

Qeyd edək ki, müsabiqəyə 22 iyun - 20 iyul 2024-cü tarixləri aralığında ayrı-ayrı media vasitələrini təmsil edən jurnalistlər tərəfindən 35 material daxil olub. Həmin materialları ARDNF-nin və MŞ-nin müəyyənləşdirdiyi münsiflər heyəti nəzərdən keçirib. Əvvəlcədən elan edilmiş şərtlərə uyğun olaraq, birinci, ikinci və üçüncü yer, həmçinin beş həvəsləndirici mükafat olmaqla, ümumilikdə 8 yazı müəllifinin əməyi qiymətləndirilib. Müsabiqə qalibləri aşağıdakı jurnalistlərdir:

  • 1-ci yer: İlhamə Xanlarqızı | “Economic News Agency (ENA)”;
  • 2-ci yer: Nurlanə Quliyeva | “Region Plus” jurnalı;
  • 3-cü yer: Şükran Məmmədov | APA;

Həvəsləndirici mükafatlar:

  • Pünhan Əfəndiyev | “Xalq qəzeti”;
  • Əhməd İsmayılov | “İki Sahil” qəzeti;
  • Qalina Əliyeva | “Bakinski raboçi” qəzeti;
  • Məlahət Rzayeva | “Şərq” qəzeti;
  • İlahə Məmmədli | “Report” İnformasiya Agentliyi;

Mükafata layiq görülən jurnalistlər çıxışlarında belə müsabiqələrin Azərbaycan jurnalistlərinin fəaliyyətinin stimullaşdırılması baxımından mühüm rol oynadığını bildiriblər. Qaliblərə diplom və mükafatlar təqdim olunub.

25.07.2024