Mətbuat Şurasının sədri Laçında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla görüşüb.
525.az xəbər verir ki, səmimi mühitdə keçən görüşdə Laçın rayonunda aparılan təmir, bərpa, tikinti və yenidənqurma işləri, eyni zamanda, gələcək layihələr barədə bir sıra məsələlər müzakirə olunub.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov gələcəkdə Laçında böyük bir kitabxananın tikiləcəyini qonağın diqqətinə çatdırıb: “Heydər Əliyev küçəsinin konsepti hazırdır. Həmin ərazinin turistlik küçə olması nəzərdə tutulub. Əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin, eləcə də qaleraya, teatr binası, mədəniyyət kompleksləri tikilib istifadəyə veriləcək. Bundan əlavə, təqdim olunan planda mərkəzi küçədə tramvay xətlərinin xəritəsi də nəzərdə tutulub”.
Məsim Məmmədov bu gündən Zabux-Laçın, Laçın-Zerti istiqamətinə avtobus xidmətinin fəaliyyət göstərəcəyini də qeyd edib: “Gələcəkdə Sus və Qarıkaha kəndlərinə də avtobus xətləri açılacaq”.
Rəşad Məcid son üç ay ərzində Laçın şəhərindəki “LaCinema” kinoteatrının nəzdində fəaliyyət göstərən “Simurq” kitabxanasına Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlərinin avtoqraflı yeni nəşrlərini yığdığını diqqətə çatdırıb, gələcəkdə bu missiyanı davam etdirəcəyini vurğulayıb.
AYB-nin sədr müavini görüşdən sonra özü ilə gətirdiyi 100-ə yaxın yeni kitabı “Simurq” kitabxanasına təqdim edib. Bir hissəsi müəllifin özünə aid olan kitablar arasında AYB-nin sədri, Xalq yazıçışı Anarın, Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Vahid Əziz, AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin katibləri İlqar Fəhmi, Elçin Hüseynbəyli, eləcə də digər şair və yazıçılarımızın avtoqraflı kitabları da yer alıb.
Qeyd edək ki, Rəşad Məcidin “Simurq” kitabxanasına kitab hədiyyə etməklə bağlı təşəbbüsü davam edir, Azərbaycanın şair və yazıçıları öz avtoqraflı kitablarını bu kitabxanaya göndərirlər.