İordaniyalı jurnalistin Ulu öndər Heydər Əliyevə həsr olunmuş kitabının təqdimatı keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşəbbüsü ilə iordaniyalı jurnalist Ömər Nəzzəl Əl-Armutinin Ulu öndər Heydər Əliyevə həsr etdiyi “Vətən və Liderlik” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitaba görə müəllifə təşəkkürünü bildirib. O, İordaniya və Azərbaycan arasında mövcud olan genişmiqyaslı əlaqələrin media sahəsini də əhatə etməsinin zəruriliyinə diqqət yetirib. M.Ələsgərli münasibətlərin daha da inkişafı üçün jurnalist təşkilatlarının və jurnalistlərin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışında bildirib ki, Ömər Nəzzəl Əl-Armuti Azərbaycana aid üç kitab yazıb. Müəllifin ilk kitabı Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində tanıdılmasına həsr olunub və nəşrdə Qarabağın Azərbaycana məxsusluğu dolğun şəkildə əsaslandırılıb.
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı qeyd edib ki, jurnalist Ömər Nəzzəl Əl-Armuti Azərbaycan həqiqətlərinə çoxdan şahiddir və gördüklərini “Vətən və Liderlik” kitabında qələmə alıb. S.Rüstəmxanlı əlavə edib ki, müəllif özünün birinci kitabında bu haqda geniş məlumatlar verib. Deputat Ömər Nəzzəl Əl-Armuti yeni nəşrinin ərəb və Azərbaycan mediası arasında da körpü rolu oynadığını vurğulayıb.
İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət Əl-Nahar bildirib ki, Azərbaycanla İordaniya arasında dostluq əlaqələri mövcuddur. Bu mənada iordaniyalı jurnalistin Azərbaycan haqqında belə bir kitab yazması təqdirəlayiqdir: “Azərbaycanda olduğum müddət ərzində öyrəndim ki, iki ölkə arasında çox bağlılıq var. Gələcəkdə hər iki ölkənin mətbuat, mədəniyyət nümayəndələri arasında da qarşılıqlı görüşlərin keçirilməsi vacibdir”.
Səudiyyə Ərəbistanın “Əl-Cəzirə” qəzetinin baş redaktoru, professor Xalid Əl-Məliki vurğulayıb ki, Azərbaycan həqiqətləri ilə bağlı məqalələri səfirliklə əməkdaşlıq çərçivəsində qəzetdə nəşr edirlər. “Bütün ərəb ölkələri Qarabağ məsələsində Azərbaycanla həmrəydirlər. Bununla yanaşı, İslam ölkələrinin media qurumları arasında əlaqələrin genişləndirilməsi vacibdir”, -deyə baş redaktor bildirib.
Daha sonra kitabın müəllifi Ömər Nəzzəl Əl-Armuti Azərbaycan haqqındakı kitabları barədə ətraflı məlumat verib. O, bildirib ki, birinci kitab Qarabağ həqiqətləri, ikinci kitab Azərbaycan-İordaniya əlaqələrindəki mühüm mərhələllər ilə bağlıdır. Hər iki kitab Azərbaycan dilinə tərcümə olunub. Üçüncü kitab isə tarixçi Dr. Məhəmməd Abdul Hafeez Al-Manasir ilə birlikdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətən və Liderlik”dir: “Heydər Əliyev Azərbaycanın mövqeyini dünya xəritəsində möhkəmləndirib və ölkənin çiçəklənməsində xüsusi rol oynayıb. 1994-cü ildə Heydər Əliyev ilə İordaniya karalı Hüseyn ibn Təlalın görüşündən sonra hər iki ölkə arasında əlaqələr daha da möhkəmlənib”.
Yekunda İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov səfirlərə və qonaqlara, jurnalist həmkarı Ömər Nəzzəl Əl-Armutiyə təşəkkürünü bildirib.