MŞ İdarə Heyətinin üzvü nüfuzlu jurnalistika mükafatlarının təqdimatına qatılıb
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət aprelin 22-də İstanbulda nüfuzlu Fetisov Jurnalistika Mükafatlarının 5-ci təqdimatında iştirak edib. Mükafatların təsisçisi, iş adamı, filantrop Gleb Fetisovun da qatıldığı toplantı böyük coşğu ilə müşayiət edilib.
Qeyd edək ki, A.Həsrət artıq üçüncü ildir ki, sözügedən mükafatlar üzrə Ekspert Şurasında təmsil olunur. Onunla bərabər dünyanın müxtəlif ölkəsindən beynəlxalq səviyyədə tanınan təcrübəli ekspertlər də Şurada fəaliyyət göstərirlər.
Mükafatlar ildə bir dəfə dünyanın hər tərəfindən yarışa qatılan jurnalistlər arasından ən yaxşılara verilir. Bu dəfə 96 ölkədən 400-dək yazıya dörd (“diqqətədəyər araşdırma jurnalistikası”, “sülhə diqqətədəyər töhfə”, “vətəndaş hüquqlarına töhfə” və “ərtaf mühit jurnalistikasında mükəmməllik”) istiqamət üzrə nəzər salınıb. Yazıları ilkin mərhələdə Ekspert Şurası dəyərləndirib, seçim edib. Bundan sonra Münsiflər Heyəti son qərarı verib.
Yazılardan 4-ü qeyd edilən istiqamətlər üzrə 1-ci, daha 4-ü 2-ci, əlavə 4-ü isə 3-cü yerə layiq görülməklə ümumilikdə 12 yazı qalib elan edilib. 3-cü yer üçün 10 min, 2-ci yer üçün 20 min, 1-ci yer üçün 100 min İsveçrə frankı məbləğində mükafat verilib.
Onu da bildiririk ki, Fetisov Jurnalistika Mükafatları dünya jurnalistika mükafatları arasında ən yüksək pul məbləğinə malikdir.