Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb. Bununla bağlı Şurada keçirilmiş toplantıya qurumun İdarə Heyətinin üzvləri və ölkəmizdə səfərdə olan Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimovun rəhbərlik etdiyi nümayəndə heyətinin təmsilçiləri qatılıblar.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid Azərbaycanla Özbəkistan arasında bütün sahələrdəki yüksək səviyyəli münasibətlərin son illər ayrıca media müstəvisinin də formalaşdığına diqqət çəkib və bunu əlamətdar hal kimi vurğulayıb. R.Məcid Özbəkistan Jurnalistlər İttifaqı ilə Mətbuat Şurasının birgə əməkdaşlığının ümumi prosesə töhfə verəcəyinə əminliyini dilə gətirib. MŞ sədri çıxışında memorandumda nəzərdə tutulan ayrı-ayrı müddəaların birgə fəaliyyətin sistemli şəkil alması baxımından əhəmiyyətini önə çəkib.
Özbəkistan Jurnalistlər İttifaqının sədri X.Səlimov media amilinin əhəmiyyətindən söz açaraq, özbək və Azərbaycan jurnalistləri arasındakı təmasların gücləndirilməsini zəruriləşdirən məqamlardan danışıb. Sədr habelə rəhbərlik etdiyi qurumun müxtəlif ölkələrin media birlikləri ilə münasibətləri barədə də məlumat verib. O, Mətbuat Şurası ilə əməkdaşlıq memorandumunun qarşılıqlı təcrübə mübadiləsi və digər məqamlar baxımından əhəmiyyətini əsaslandırıb. Sənədin oturuşmuş platforma kimi özünü təsdiqləyəcəyinə inamını dilə gətirib.
MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, hər iki ölkənin media əlaqələrinin gücləndirilməsinin ortaq dəyər və mənafelərin təbliğindəki əhəmiyyəti böyükdür. O, bu baxımdan əməkdaşlıq memorandumunun faydalı nəticələr verəcəyinə əminliyini deyib, təkliflərini səsləndirib.
MŞ İdarə Heyətinin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli çıxışında son illərdə Özbəkistan və Azərbaycan arasındakı media əlaqələrindəki intensivliyi təsdiqləyən məqamlardan söz açıb, müştərək işbirliyinin davamı üçün etibarlı bazanın mövcudluğunun məmnunluq doğurduğunu deyib.
MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli türk dünyasının ölkəmiz üçün müstəsna inteqrasiya xətti olduğunu bildirib və bu baxımdan diqqəti Azərbaycan dövlətinin siyasi kursuna yönəldib. E.Mirzəbəyli hər iki ölkə jurnalistlərinin əməkdaşlığının da strateji önəm daşıyan məsələlərə köklənməsinin faydalarını sadalayıb.
Özbəkistan Həmkarlar İttifaqının “Trest” və “Doverie” qəzetlərinin baş redaktoru Husan Ermatov, Özbəkistan Jurnalistlər İttifaqı yanında Gənc Jurnalistlər Şurasının sədri Şöhrət Oripov, Özbəkistanın “Tonq yüztəri” qəzetinin baş redaktoru Feroza Odilova, Özbəkistan Dövlət İnformasiya Agentliyinin Beynəlxalq xəbərlər redaksiyasının redaktoru Əzizə Həlimova çıxışılarında Azərbaycanın və Özbəkistanın media sahəsindəki təmaslarının gücləndirilməsinin vacibliyindən söz açıb, Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqının imzaladıqları əməkdaşlıq memorandumunun prosesə dəstək verəcəyinə əminliklərini dilə gətiriblər.
MŞ İdarə Heyətinin üzvlərindən Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, həmçinin AZTV-nin Xəbərlər departamentinin redaktoru, yazıçı və publisist Aida Eyvazova, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, Şuranın icraçı katibi Əvəz Rüstəmov və başqaları da çıxışlarında Azərbaycanın və Özbəkistanın aparıcı media qurumlarının əməkdaşlığını aktuallaşdıran məqamlara toxunub, perspektiv əlaqələrin daha sistemli şəkil alacağına inandıqlarını bildiriblər.