Mədət Məmmədovun 65 illik yubileyi ilə bağlı toplantı keçirilib

about1

Bu gün Mətbuat Şurasında jurnalist, şair-publisist Mədət Məmmədovun (Mədət Əyyuboğlu) 65 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli açaraq bildirib ki, Mətbuat Şurası fəaliyyətində ömrünü-gününü mətbuatın inkişafına həsr etmiş şəxslərin əməyinin qiymətləndirilməsinə böyük önəm verir. Yubiley toplantısı da bunun növbəti nümunəsidir.

M.Ələsgərli M.Məmmədovu mətbuat təşkilatçısı kimi xarakterizə edən cəhətlərdən danışıb. O bildirib ki, yubilyar ötən əsrin 90-ci illərinin sonunda ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş media siyasətinin icrasında mühüm rol oynayıb. Belə yanaşmanın nəticəsidir ki, mediamız dövlətçilik amallarına sadiq ruhda fəaliyyət göstərməkdə və inkişafdadır. Çünki təməl sağlamdır.  

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışında bildirib ki, M.Əyyuboğlunun çağdaş oxucu auditoriyası üçün iki obrazı var. Təcrübəli jurnalist və istedadlı şair-publisist. Hər iki obraz bir-birini tamamlayır. T.Aydınoğlu onu da vurğulayıb ki, yubilyar gənc yaşlarında mətbuat sahəsində məsul vəzifələrdə çalışsa da, hər zaman jurnalist, publisist, vətəndaş kimi öz mövqeyini ortaya qoyub. M.Məmmədovun publisistik yazıları essevari şeiriyyəti ilə seçilib, poeziyası publisistik düşüncənin ciddiliyi ilə aktuallıq kəsb edib. T.Aydınoğlu, həmçinin, M.Məmmədovu milli jurnalistikamızın demokratik ənənələri ilə tərbiyələnmiş, sözün ictimai mahiyyətinə daim sadiq qalmış ziyalı kimi dəyərləndirib, ona Mətbuat Şurasının diplomunu təqdim edib.

Toplantıda çıxış edənlərdən “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli,  MŞ İdarə Heyətinin üzvü Yadigar Məmmədli, “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Assa irada” İnformasiya Agentliyinin baş direktoru Fazil Güney, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, əməkdar jurnalist Rəhim Hüseynzadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elşən Əliyev, tədqiqatçı jurnalist Loğman Rəşidzadə, veteran jurnalist Xalidə Bağırlı, AMEA-nın professoru Elçin Mehrəliyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Aran regional təşkilatının sədri Yaqut Əşrəfova, “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, Respublika Şəhid Ailələri Müdafiə Cəmiyyətinin sədri Camal Əliyev, yubilyarın dostları Cəbrayıl Qəhrəmanov və Bəhram Şeydayev M.Məmmədovun Azərbaycanın müstəqilliyinin ilk illərində azad media quruculuğundakı fəal iştirakından, istedadlı şair kimi çağdaş ədəbi-bədii prosesdə öz üslub və məramı ilə seçilən yetkin və ləyaqətli qələm sahibi olmasından, vətənpərvərliyini əməli fəaliyyəti ilə sübuta yetirməsindən, gözəl ailə başçısı, qayğıkeş dost və həmkar kimi nəcib keyfiyyətlərindən söz açıb, xatirələrini bölüşüblər.

Sonda çıxış edən M.Məmmədov həyat yoluna və fəaliyyətinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, 1959-cu ildə anadan olmuş Mədət Əyyub oğlu Məmmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-1989-cu illərdə indiki “Azərbaycan” nəşriyyatında mətbuatın yayılması üzrə baş müfəttiş, 1989-1990-cı illərdə “Kommunist” (sonralar “Dirçəliş”) ictimai-siyasi jurnalında məsul katibin müavini, 1990-1991-ci illərdə “Kənd həyatı” jurnalında baş redaktorun müavini, 1992-1994-cü illərdə “Doğru yol” qəzetinin baş redaktoru, 1994-1996-cı illərdə Mətbuat və İnformasiya Nazirliyində şöbə rəisi, 1996-2001-ci illərdə nazirliyin KİV Baş İdarəsinin rəisi, Azərbaycan Respublikasının Ombudsman (İnsan Hüquqları üzrə Müvəkkil) Aparatında İdarə rəisinin müavini vəzifələrində, həmçinin, Azərbaycan Dövlət İnformasiya Agentliyində çalışıb. Yubilyar 2003-cü ildən “Jurnalistlər Həmrəyliyi Komitəsi” İctimai Birliyinə rəhbərlik edir.

06.03.2024