Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu Mətbuat Şurasında olub
Bu gün Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu Mətbuat Şurasında olub. Türkiyəli qonağı salamlayan MŞ sədri Rəşad Məcid Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illiyi ilə bağlı Azərbaycana təşrif buyurmuş Y.Öməroğlunun türk dünyasının konsolidasiyasında müstəsna rol oynadığını dilə gətirib. O bildirib ki, yazıçının qurucusu olduğu Avrasiya Yazarlar Birliyi, habelə “Qardaş qələmlər” dərgisi ədəbi-mədəni əlaqələr baxımından türk coğrafiyasının arealını hər zaman geniş tutması ilə fərqlənib. Bu fəaliyyət dəst-xətti nəsillərə örnək missiyadır və türk xalqlarının bir-birnə yaxınlaşmasına, onlar arasındakı bağların möhkəmləndirilməsinə müstəsna xidmət nümunəsidir.
Milli Məclisin deputatı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas bildirib ki, Y.Öməroğlunun türk xalqlarının birliyi istiqamətindəki fəaliyyəti bu birlik ideyasının ictimai təfəkkürdə bir o qədər populyar olmadığı vaxtlardan başlayıb. Fərəhləndirici haldır ki, hazırda həmin ideyanın Azərbaycan-Türkiyə qardaşlığı kimi mühüm göstəricisi mövcuddur və bu göstərici, ümumən, türk dünyasının ruhunu müəyyənləşdirir, bütövləşdirici rol oynayır.
Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu başçılıq etdiyi qurumun gördüyü işlərdən söz açıb. O bildirib ki, təşkilatın fəaliyyətinə istər Azərbaycanda və Türkiyədə, istərsə də türk dünyasının müxtəlif ölkələrində böyük dəyər verilməsindən məmnundur.
Görüşdə Avrasiya Yazarlar Birliyinin azərbaycanlı yazıçı və şairlərin Türkiyədə və türk dünyasının müxtəlif bölgələrində təbliğindən, onların kitablarının çapını həyata keçirməsindən ətraflı söz açılıb.