BDU-nun Jurnalistika fakültəsinin Mətbuat Şurası otağında təqdimat
BDU Jurnalistika fakültəsinin Mətbuat Şurası otağında filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin Qərbi Azərbaycan İcmasının dəstəyi ilə nəşr edilən "Qərbi Azərbaycan mətbuat tarixi" kitabının təqdimatı keçirilib.
525.az xəbər verir ki, tədbirin moderatoru, dekan müavini Samir Mirzəyev bildirib ki, müəllifin kitabında Qərbi Azərbaycanda 1914-1988-ci illər dövrünü əhatə edən, ictimai-ədəbi fikir tariximizdə mühüm yer tutan milli mətbuatın yaranma tarixi və onun keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf yolu araşdırılır. Eyni zamanda Qərbi Azərbaycanda nəşr olunan milli mətbuat orqanlarının meydana gəlməsində və onların fəaliyyətində böyük fədakarlıq göstərmiş görkəmli ziyalılar barədə geniş söhbət açılır.
Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, görkəmli jurnalist Səyyad Ağbabalı, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı, Jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli, Qulu Məhərrəmli, Nəsiman Yaqublu, dosentlər - Pərvanə İbrahimova, Vəfa İsgəndərova və digərləri çıxış edərək əsərlə bağlı fikirlərini bölüşüblər. Çıxış edənlər kitabın ərsəyə gəlməsinə görə müəllifə təşəkkürlərini bildirib, Azərbaycan mətbuatı tarixi ilə maraqlananlar üçün faydalı mənbə olduğunu vurğulayıblar.
Sonda çıxış edən kitabın müəllifi Cəlal Allahverdiyev oxuculara təqdim olunan bu tədqiqatın mətbuat tariximizin səhifələrindəki boşluğun doldurulması yolunda atılan ilk addım olduğunu bildirib və tədbirin təşkilinə görə təşəkkürünü bildirib.