Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanatı
Fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılmış, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı görüntüləri açıq şəkildə əks etdirmişdir.
“Media haqqında” Azərbaycan Respublikası Qanununa görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir.
Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına əsasən bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin (qanuni nümayəndələrinin) razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir.
Təəssüflə bildiririk ki, bir sıra media subyektləri tərəfindən baş vermiş hadisə ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında qeyri-həssas və qeyri-peşəkar yanaşma nümayiş etdirilmiş, həm qanunvericiliyin, həm də peşə etikası qaydalarının tələbləri ciddi şəkildə pozulmuş, istər zərərçəkmiş şəxslərə, istərsə də onların yaxınlarına münasibətdə jurnalistika prinsiplərinə zidd təqdimetmə forması seçilmiş, bununla da cəmiyyəti maarifləndirmə funksiyasını yerinə yetirməli olan media ümumi qəbul edilmiş dəyərlər sistemi ilə bir araya sığmayan mövqe sərgiləmişdir.
Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri jurnalistika prinsiplərinə, qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə, fəaliyyətlərində cəmiyyətdə humanist dəyərlərin möhkəmləndirilməsi ideyasını əsas götürməyə çağırır. Qanunazidd fəaliyyətin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin, o cümlədən fəaliyyətin dayandırılması da daxil olmaqla, sanksiyaların tətbiqinə əsas yaratdığı media subyektlərinin diqqətinə bir daha çatdırılır.