“Xalq qəzeti”nin əməkdaşı Zərifə Hüseynovanın 70 illik yubileyi ilə bağlı toplantı keçirilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasında “Xalq qəzeti”nin əməkdaşı Zərifə Hüseynovanın (Zərifə Bəşirqızı) 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Z.Bəşirqızı jurnalistikanın çətinliklərinə qatlaşan, daim peşənin təəssübünü çəkən qələm adamlarındandır. O, 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən vaxtdan aktiv fəaliyyətdədir. 1996-cı ilədək “Yazıçı” Nəşriyyatında kiçik redaktor, redaktor və böyük redaktor kimi çalışmış yubilyar jurnalist həmin ildən “Xalq qəzeti”ində işə başlayıb, hazırda nəşrin aparıcı simalarındandır.

R.Məcid Z.Bəşirqızının “Adın şərəflidir” rubrikası altında ölkənin ictimai-siyasi həyatında fəal rol oynamış qadınların taleyindən maraqlı və oxunaqlı yazılar qələmə almasını xatırladıb, onun bu gün də məhsuldarlığı ilə seçildiyini vurğulayıb. MŞ sədri yubilyar qələm sahibinə Şuranın diplomunu təqdim edib.

MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov çıxışında Z.Bəşirqızını istər istedadlı jurnalist, istərsə də fədakar ana kimi xarakterizə edən cəhətlərə toxunub. 70 illik yubiley sevincinin veteran qələm sahibinin daha böyük uğurlarına stimul yaradacağına əminliyini bildirib, ona təbriklərini çatdırıb.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, Şuranın ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş qələm adamlarının həyatlarının əlamətdar təqvim günlərini yada salması yüksək qədirbilənlik nümunəsidir. O, keçirilən toplantını Z.Bəşirqızının əməyinə, zəhmətsevərliyinə layiqli qiymət baxımından yüksək dəyərləndirib.

Əməkdar jurnalist Zemfira Məhərrəmli Z.Bəşirqızını qəzetçiliyin yükünü daşıyan qələm sahibi adlandırıb. Əməkdar jurnalist Telli Pənahqızı yubilyarın fəaliyyətinin söz sənətinə könül vermək olduğunu deyib. “Şöhrət” ordenli əməkdar jurnalist Flora Xəlilzadə bildirib ki, Z.Bəşirqızı ömrünü söz uğrunda girov qoyan dəyərli imza sahibidir. Milli Məclisin deputatı Aydın Hüseynov xanım jurnalisti peşəsinə nüfuz qazandıran obraz kimi səciyyələndirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, yazıçı, publisist və şair Əkbər Qoşalı təmsil olunduğu qurumun sədri Fazil Mustafanın Z.Bəşirqızına təbrik məktubunu çatdırıb, ona uğurlar arzulayıb.

Çıxış edənlərdən əməkdar mədəniyyət işçisi, nasir və publisist Mustafa Çəmənli, əməkdar jurnalist İttifaq Mirzəbəyli, əməkdar jurnalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, əməkdar jurnalist Əntiqə Qonaq, filologiya üzrə fəlsəfə doktoru Amalya Qasımova, tələbə yoldaşı Qəşəngi Əliyeva və başqaları Z.Bəşirqızının söz yaradıcılığı mühitində məsuliyyətli, jurnalist peşəsinə sadiqliyi ilə seçilən qələm sahibi kimi xarakterizə edib, onunla bağlı xatirələrini bölüşüblər. Onlar “Xalq qəzeti”nin səhifələrində sosial həyata, səhiyyəyə həsr olunan məqalələrin, müsahibələrin, oçerklərin, reportajların və digər janrlarda işıq üzü görən çoxsaylı yazıların müəllifi kimi tanınmış xanım jurnalistə təbriklərini çatdırıblar.

Sonda çıxış edən yubilyar Zərifə Bəşirqızı özü haqqında yüksək qədirbilənliklə səslənmiş fikirlərin onu daha da ruhlandırdığını deyib, əməyinə verilən qiymətə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

09.02.2024