“Ziyayi Qafqaziyyə (1880-1884)” kitabı çap olunub

about1

Azərbaycan milli mətbuatı tarixində mühüm yerə və rola malik “Ziyayi-Qafqaziyyə” qəzetinin transfoneliterasiyası “Ziyayi Qafqaziyyə (1880-1884)”  adlı kitab şəklində çap olunub. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxmış kitab həm elm, həm jurnalistika, həm də mənəvi baxımdan sanballı nümunədir.

Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında ərsəyə gəlmiş yeni nəşrin baş redaktoru və ön söz müəllifi AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Mətbuat Şurası hesab edir ki, kitab “Ziyayi-Qafqaziyyə” qəzetini transfoneliterasiya edən, lüğət, izah və şərhlərin müəllifi mərhum alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş Müştəba Əliyevin xatirəsinə dərin ehtiramın nümunəsidir. Şura həm “Ziyayi-Qafqaziyyə”nin mətbuat tariximizdəki rolunu, həm də bunu əsas tutaraq  “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının geniş təqdimatını keçirməyi nəzərdə tutur. Təqdimat mərasiminin fevral ayında AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə təşkili nəzərdə tutulur.

31.01.2024