Əməkdar jurnalist Əntiqə Qonağın 65 illik yubileyi ilə bağlı toplantı keçirilib

about1

Bu gün Mətbuat Şurasında əməkdar jurnalist Əntiqə Qonaqovanın (Əntiqə Qonaq) 65 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid iştirakçılara yubilyar jurnalistin keçdiyi ömür yolunun ayrı-ayrı məqamları barədə məlumat verib.

MŞ sədri bildirib ki, həm jurnalist, həm də publisist və yazıçı kimi uğurlu sənət nümunələri ilə tanınmış Ə.Qonaq 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra, “Magistral”, “Həyat”, “Biznes”, “Azərbaycan” qəzetlərində müxbir, baş müxbir şöbə müdiri olaraq çalışıb. 15 ilə yaxın AZTV-də redaktor kimi fəaliyyət göstərib. 2001-2017-ci illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsini tutub. Ə.Qonaq, həmçinin, “Ana” müstəqil qadın qəzetinin təsisçisi olub və nəşrə rəhbərlik edib.

R.Məcid yubilyar qələm sahibinin qadın hərbi jurnalist kimi fəaliyyətinin örnək səciyyə daşıyan məqamlarından söz açıb. O bildirib ki, Vətənə bağlılıq hissi Ə.Qonağın fədakar jurnalist obrazını tamamlayan ən mühüm xüsusiyyətdir. Bu obraz yubilyarın yaradıcılığına da müstəsna təsirini göstərib. Birinci Qarabağ müharibəsindən çoxsaylı reportajlar və məqalələr hazırlayan qələm sahibi, ümumən, Qarabağ savaşına həsr olunmuş “Vətən, səndən keçmək olmaz!”, “Vətən”, “Qərib savaşçı”, “Ölməzlik”, “Xaçmazlı döyüşçülər. 44 günlük savaşın 444 cəngavəri” (üç cildlik) kitablarını ərsəyə gətirib.

MŞ sədri Ə.Qonağın bu gün də çoxşaxəli yaradıcılıq dəst-xəttinə sadiqliyini vurğulayıb və bildirib ki, yubilyar jurnalist Zəfər tariximizi yazmış qəhrəmanlar haqqında silsilə kitablar üzərində işləyir. R.Məcid qələm sahibinin gərgin əməyinin ən xoş sözlərə layiq olduğunu deyib və ona Mətbuat Şurasının diplomunu təqdim edib.

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü Azər Həsrət, BDU-nin baş müəllimi Sona Çərkəz, “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova, “Şərqin səsi” qəzetinin baş redaktoru Pərixanım Mikayılova, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, “Xalq qəzeti”nin əməkdaşı Zərifə Bəşirqızı, “Azərbaycan” qəzetinin əməkdaşı Züleyxa Nadir, jurnalist Jalə Cəfərova, şairə Nəcibə İlkin, müstəqil jurnalist Kəmalə Mikayılzadə, Azərbaycan Radiosunun redaktorları Mətanət Əzimova və Aybəniz Məmmədəliyeva, ictimai fəal Mətanət Əsgərqızı,  “Azərnəşr”in böyük redaktoru Rəsmiyyə Qarayeva, “Yazarlar” jurnalının əməkdaşı Nəzakət Kərimova, Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Aynurə Əliyeva, yubilyarın tələbə yoldaşı Lumu Babyeva, iş adamı Babək Qoca, veteran jurnalist Adilə Qocayeva, psixoloq-pedaqoq Təranə Məmmədzadə, pedaqoq Vüsalə Qasımova, yubilyarın oğlu Həsən Qonaq və başqaları vətənpərvərliyin Ə.Qonağın həm jurnalistlik fəaliyyətində, həm də ümumən yaradıcılıq yolunda mühüm meyar olduğunu diqqətə çatdırıblar. Onlar, həmçinin, qələm sahibinin jurnalistikaya yüksək dəyər qazandıran əməksevər xüsusiyyətlərindən söz açaraq, bu xüsusiyyətlərin yüksək peşə təəssübkeşliyindən irəli gəldiyini diqqətə çatdırıblar. Çıxış edənlər, eyni zamanda, Ə.Qonağı fədakar ana, qayğıkeş dost və qohum kimi də səciyyələndirib, təbriklərini və xoş sözlərini çatdırıblar.

Sonda çıxış edən Ə.Qonaq ömür yoluna və yaradıcılığına yüksək dəyər verdikləri üçün toplantı iştirakçılarına təşəkkürünü bildirib.

22.01.2024