Şamil Vəliyevin vəfatı ilə bağlı nekroloq

about1

Azərbaycanın jurnalist ictimaiyyətinə, elm cameəsinə böyük itki üz verib. Respublikanın əməkdar jurnalisti, Mətbuat Şurasının İdarə Heyətinin keçmiş üzvü, professor Şamil Vəliyev vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Vəliyev Şamil Qiyas oğlu 1960-cı ilin fevralında anadan olub. 1977-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil alıb. 1989-cu ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.

Ş.Vəliyev 1985-2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 2005-2022-ci illərdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, 2012-2016-cı illərdə fakültənin dekanı vəzifələrində çalışıb.

Milli mətbuat tariximizin, xüsusən “Füyuzat” ədəbi məktəbinin araşdırılmasında böyük xidmətləri olmuş Ş.Vəliyev bu sahədəki bir sıra tədqiqatların və əsərlərin müəllifi kimi tanınıb. Ş.Vəliyev pedaqoq olaraq gənc jurnalistlərin yetişmələrinə, onların nəzəri və təcrübi biliklərə yiyələnmələrinə töhfə verməklə yanaşı, ziyalı kimi jurnalistikanın populyarlaşmasına da böyük əmək sərf edib. O, 2013-2018-ci illərdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub.

Dəyərli elm xadimi, tələbələrin sevimlisi, əsl ziyalı Şamil Vəliyevin xatirəsi onu tanıyan hər kəsin xatirində əbədi yaşayacaq. Bir daha mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti

18.01.2024