Mətbuat Şurasında jurnalist və publisist Kərim Kərimlinin 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə tanınmış jurnalist, Qarabağ və Şuşa mövzusunun tədqiqatçısı, yazıçı və publisist Kərim Kərimlinin 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyar qələm sahibini ruhən Şuşa və Qarabağla bağlı söz adamı, ziyalı kimi xarakterizə edən məqamlara toxunub. O bildirib ki, Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuş K.Kərimlinin taleyinin Şuşa ilə bağlı olması onun yaradıcılığına da təsirini göstərmiş müstəsna məqamdır. O, yubilyarın “Qarabağ”, “Ədalət”, “7 gün” və digər mətbuat orqanlarındakı fəaliyyətini də bu baxımdan dəyərləndirib.
MŞ sədri, həmçinin, bildirib ki, K.Kərimli kimi ziyalıların, söz sənəti adamlarının illərlə yaşatdıqları Qarabağ nisgili, dindirdikləri yurd həsrəti sona çatıb və bu xoşbəxt günlərdə 60 illik kimi əlamətdar ömür təqviminin qeyd edilməsinin də ayrıca özəlliyi, sevinc payı var. R.Məcid yubilyarın həm Qarabağla bağlı silsilə araşdırmalarının, çoxsaylı kitablarının, həm də ümumən mətbuat sahəsindəki genişdiapazonlu fəaliyyətinin, müxtəlif janrlı məqalələrinin müasir Azərbaycan tarixinə xidmət baxımından müstəsna əhəmiyyətinə toxunaraq, onu rəhbəri olduğu qurumun diplomu ilə təltif edib.
Toplantıda çıxış edənlərdən şair və yazıçı Əyyub Şirlanlı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu, jurnalist, TEAS press Nəşriyyat evinin redaktoru Famil Cəfərli, pedaqogika üzrə fəlsəfə doktoru Cəbrayıl Qəhrəman, tarix elmləri namizədi, dosent Boran Əziz, şair Akif Məftun Tofiqoğlu, şair Ramiz Həsənov və başqaları, habelə yubilyarın qızı Şəhla K.Kərimlini həm şair, həm yazıçı və publisist, həm peşəkar jurnalist, həm də ailə başçısı və qayğıkeş dost kimi səciyyələndirən xüsusiyyətlərdən söz açıblar. Onlar qələm sahibinin özünəməxsus yaradıcılıq yolunun və dəst-xəttinin əsl vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıblar.
Sonda çıxış edən Kərim Kərimli toplantı iştirakçılarına əməyinə verdikləri qiymətə, xoş sözlərə görə təşəkkürünü bildirib, eyni zamanda müəllifi olduğu “Memorial. Vətən müharibəsi şəhidləri” iki cildlik kitabını Mətbuat Şurasına hədiyyə edib.