Mətbuat Şurasında veteran jurnalist Adil İrşadoğlunun 70 illik yubileyi qeyd edilib
Bu gün Mətbuat Şurasında tanınmış veteran jurnalist, uzun illər Azərbaycan Televiziyasında çalışmış Adil İrşadoğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumda ömrünü-gününü jurnalist peşəsinə həsr etmiş, fədakar əməyi ilə seçilmiş qələm adamlarının həyatındakı əlamətdar günlərin yada salınmasının ənənə halını aldığını bildirib. O, bu ənənənin davamı kimi Adil İrşadoğlunun 70 illik yubiley toplantısının təşkilindən məmnunluğunu dilə gətirib.
R.Məcid A.İrşadoğlunun fəaliyyətində Ağdamın özünəməxsus yer tutduğunu, bu qədim diyarın ecazkar ruhunun yubilyarın yaradıcılığına müstəsna təsir göstərdiyini deyib. Respublikada ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindəki proseslərdən söz açan MŞ sədri bildirib ki, Adil İrşadoğlu imzası həmin dövrdə həqiqətlərin təbliğində, Qarabağın faciə yaşantılarının cəmiyyətə çatdırılmasında müstəsna rol oynayıb. R.Məcid belə bir rolu jurnalistikanın vətənpərvərlik missiyası olaraq dəyərləndirib. Şura sədri A.İrşadoğlunun Mətbuat Şurasının diplomu ilə təltif edildiyini diqqətə çatdırıb və diplomu yubilyara təqdim edib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu jurnalistikanı sevən insanların Adil İrşadoğlu işığına toplaşmasını müstəsna qədirbilənlik nümunəsi kimi qiymətləndirib. O, yubilyar qələm sahibini peşənin nüfuzunu qoruyan, təəssübünü çəkən həmkar kimi səciyyələndirən xüsusiyyətlərdən söz açıb, bildirib ki, A.İrşadoğlu Birinci Qarabağ müharibəsinin canlı xronikasını yaratması ilə adını tarixə yazdırıb. Onun müharibə müddətində cəbhə xəttindən hazırladığı çoxsaylı reportajların xalqımızın qəhrəmanlıq ruhunun təbliğində böyük əhəmiyyəti var.
MŞ İdarə Heyətinin üzvü, Bayraqdar Medianın baş redaktoru Azər Həsrət çıxışında bildirib ki, A.İrşadoğlu ötən əsrin 90-cı illərinin, qanlı-qadalı dövrün imzasıdır. “Diqqət yetirək, cənab Prezident də bildirmişdi ki, Qarabağı heç vaxt oranı görməyən 20-22 yaşlı gənclərimiz azad etdi. Bu nə demək idi? O demək idi ki, biz o dövrün yaddaşını qoruya və gənc nəslə çatdıra bildik”, - deyən A.Həsrət əlavə edib ki, 70 yaşı tamam olmuş yubilyar da zəngin fəaliyyəti ilə bilavasitə Qarabağ, doğma yurd yaddaşını daşıyanlardandır.
MŞ sədrinin müavini Səadət Məmmədova, poliqrafçı alim Şəddat Cəfərov, veteran qələm sahibi, naşir-publisist Hacı Mehman Fərzullayev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılov, “Xalq qəzeti”nin əməkdaşları Zərifə Bəşirqızı və İlqar Həsənov, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, professor Habil Qurbanov, Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) qardaşı, müharibə veteranı Ədalət Məhərrəmov, yubilyarın tələbə yoldaşı Qəşəngi Əliyeva, Ağdamın tanınmış ictimai xadimi, həkim Tarıyel Eyvazov, operatorlar, vaxtilə yubilyarla birlikdə cəbhə xəttində çəkilişlərdə olmuş Tahir Qarayev və Fikrət Hüseynov, Birinci Qarabağ müharibəsinin veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov, şair-publisist, ictimai xadim Zakir Ağdamlı, veteran jurnalist Mübariz Ağaxanoğlu, jurnalist Ağaşirin Məmmədov, A.İrşadoğlunun uşaqlıq dostları Çingiz Tağıyev və İlham Qurbanov, veteran jurnalist Rafik Kərimov, tanınmış televiziya rejissoru Lətif Abdullayev və başqaları çıxışlarında Adil İrşadoğlunu parlaq düşüncə sahibi, ziyalı, səmimi, qayğıkeş dost və həmkar, gözəl ailə başçısı kimi xarakterizə edən cəhətlərdən söz açıblar. Onlar bildiriblər ki, A.İrşadoğlunun çoxillik fəaliyyəti həm jurnalistikaya, həm də ölkəmizin hərb tarixinə müstəsna xidmətin təkrarsız nümunəsidir və bu nümunənin yaranması peşəkarlıqla yanaşı, fədakarlıq da tələb edib. Çıxış edənlər, həmçinin, yubilyarı vətənpərvərliyi jurnalistikada peşə standartı kimi göstərmənin bənzərsiz örnəyi adlandırıblar.
Sonda çıxış edən Adil İrşadoğlu jurnalist fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Adil İrşadoğlu (Əliyev) 1953–cü il noyabrın 1-də Ağdamda anadan olub. 1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləyib. Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989–cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni işğalçılarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edib. Həmçinin, dövlət televiziyasının hərbi vətənpərvərlik verilişləri baş redaksiyasının təşkilinə və fəaliyyət göstərməsinə əmək sərf edib. Çalışdığı müddətdə 3000–dən çox veriliş hazırlayıb.