Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Oktyabrın 4-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. İclasda Şuraya daxil olmuş şikayətlər ətrafında müzakirə aparılıb. Ümumilikdə 9 media subyekti ilə bağlı narazılıqlar nəzərdən keçirilib.
Müzakirə gedişində müəyyənləşdirilib ki, şikayət doğurmuş materiallarda qarşı tərəfin fikirlərinin öyrənilməsinə laqeyd yanaşma halları ən çox rast gəlinən peşə prinsipləri pozuntularındandır. Həmin materiallarda, həmçinin, konkret şəxslərin ağır cinayətdə ittiham olunması kimi motivlərə də rast gəlinməkdədir. Bu baxımdan daha çox “Hefteaz.com” (Həftəlik Azərbaycan) saytından şikayət üzərində dayanılıb.
İclasda o da müəyyənləşdirilib ki, bir sıra media subyektləri əsasən başqa mənbələrdən götürdükləri materialları heç bir araşdırma aparmadan yayımlayırlar. Bu kimi hallarda konkret məsuliyyət ilk mənbə rolunda çıxış edənin üzərinə düşsə də, vətəndaş narazılıq doğurmuş materialı hansı media orqanında görürsə, ondan da şikayət ünvanlayır. Buna görə mənbələrin etibarlılığını dəqiqləşdirməyə ehtiyac var. Daha yaxşı olar ki, media orqanları həqiqiliyi şübhə doğuran materiallara istinad etməsinlər. Komissiya bununla bağlı müxtəlif media orqanlarına tövsiyələr ünvanlanmasını zəruri sayıb.
İclasda müxtəlif şikayətlərin araşdırılması prosesində onların əsasən ayrı-ayrı media orqanlarının sosial şəbəkə hesablarında yayımlanmış materiallardan olması diqqətçəkən məqam kimi vurğulanıb. Belə halların bilavasitə MŞ-nin səlahiyyətlərindən uzaq olduğu bildirilsə də, məsələyə münasibətdə ictimai qınaq tədbirlərinin gücləndirilməsinin vacibliyi üzərində dayanılıb.