MŞ İdarə Heyətinin üzvü ATƏT-in Varşavada keçirilmiş konfransında iştirak edib
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva sentyabrın 23-dən oktyabrın 4-dək Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in insan hüquqları və demokratiyaya dair illik konfransında iştirak edib.
Y.Hacıyeva toplantıdakı çıxışında jurnalistikanın üzləşdiyi nəhəng çağırışlardan, hərbi jurnalistika sahəsində çalışanların hər gün öz həyatlarını riskə atmalarından, onların bəzən təqiblərə, onlayn təhdidlərə, təhqirlərə məruz qalmalarından bəhs edib.
Dünyanın bir çox bölgələrindəki bu sayaq tendensiyalardan söz açan Y.Hacıyeva Azərbaycan reallıqları ilə əlaqədar danışarkən, diqqəti ölkəmizdə peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin mina terroru ilə üzləşmələrinə çəkib. O, mövcud xüsusda Qarabağ münaqişəsi reallıqları barədə danışıb. 300-dən çox azərbaycanlının mina terrorunun qurbanı olduğunu xatırladan İH üzvü əlavə edib ki, azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov da ermənilər tərəfindən basdırılmış minanın qurbanı olublar.
Y.Hacıyeva çıxışında ümumən onu da vurğulayıb ki, media qanunvericiliklərinin qarşıdında duran ən önəmli vəzifələrdən biri jurnalistlərə təhlükəsiz və səmərəli iş mühitini təmin etmək olmalıdır.