Mətbuat Şurasının sədri Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri ilə görüşüb
Bu gün Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycan Mətbuat Şurasında olub.
Qonağı salamlayan MŞ sədri Rəşad Məcid bildirib ki, Azərbaycan və Misir arasındakı dostluq münasibətləri hər iki ölkənin media birliklərinin əlaqələrində duyulmaqdadır. O, qarşılıqlı işbiriliyinin daha da möhkəmləndirilməli olduğunu vurğulayıb.
S.Nəsirov Azərbaycanla Misir arasında tarixi, mədəni əlaqələrdən danışıb və son illər qarşılıqlı təmasların genişləndiyini söyləyib. Prosesə yeni töhfələrin verilməsi imkanlarında söz açan diaspor rəhbəri Misirdəki azərbaycanlıların mövcud istiqamətdəki fəaliyyəti, həmçinin, özünün apardığı elmi tədqiqatlar barədə məlumat verib. S.Nəsirov ölkəmizin alimlərinin nəinki Misirdə, bütövlükdə ərəb dünyasında tanınmasından məmnunluğunu dilə gətirib.
Diaspor sədri Misir-Azərbaycan Dostluq Cəmiyyəti haqqında da məlumat verib. Təşkilatda dünyanın 55 ölkəsindən 600-dən çox tələbənin Azərbaycan dili və müxtəlif fənlər üzrə ödənişsiz təhsil aldıqlarını diqqətə çatdırıb. Bunun ölkəmizi həm Misirdə, həm də ümumən, dünyada tanıtmağa mühüm töhfə olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.