Azərbaycan Mətbuat Şurasının “Bakı xəbər” qəzetinə 20 illik yubiley təbriki
Müstəqillik dövrü Azərbaycan mətbuatının öz dəst-xətti, hadisə və proseslərə məxsusi yanaşması ilə seçilən nümunələrindən olan “Bakı xəbər” qəzeti 20 yaşını qeyd edir.
“Bakı xəbər” demokratik və hüquqi dövlət anlayışını, vətəndaş cəmiyyəti quruculuğunu dərinləşdirmək əzminin məhsulu kimi meydana çıxmış mətbuat orqanıdır. Ötən müddətdəki fəaliyyəti onu deməyə əsas verir ki, nəşr tutduğu yola, prinsipial mövqeyə daim sadiq qalıb. Bu sadiqlik isə qəzetə geniş oxucu auditoriyası qazandırıb və ötən 20 ilin ən böyük uğuru elə budur.
“Bakı xəbər” jurnalistikaya dəyərin nümunəsi kimi özünü təsdiqləməyi bacarıb. Bu, peşəkarlıqla ziyalılığın vəhdətinə əsaslanmış nümunədir. Nəşrin səhifələrindəki ayrı-ayrı təqdimatlarda jurnalistikanın dəqiqlik, qərəzsizlik və obyektivlik meyarları ziyalı düşüncəmizdəki maarifpərvərlik xətti ilə üzvü surətdə bağlı olub. Bu amil də yubilyarın özünəməxsusluğunu təsdiqləyir.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, hörmətli Aydın Quliyev başda olmaqla, “Bakı xəbər” qəzeti kollektivinin üzvlərini, nəşrin 20 illiyi münasibətilə təbrik edir, onlara uğurlar, daha böyük rəqəmli əlamətdar təqvim günləri arzulayırıq. Həm jurnalistika dəyərlərinə sadiqlik baxımından, həm də dövlətin və cəmiyyətin maraq və mənafelərinin media müstəvisində qorunmasındakı oturuşmuş mövqeyə sahib nəşrin bundan sonra da eyni dəst-xətti davam etdirəcəyinə, Vətənimiz Azərbaycanın inkişafına yeni töhfələr verəcəyinə əminik.
Əziz və dəyərli “Bakı xəbər”çilər, sizin hər birinizi bir daha təbrik edirik! Yubileyiniz mübarək!
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti