Mətbuat Şurası, MEDİA və Audiovizual Şura Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirdi

about1

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilib

Trend xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra açılış mərasimində çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatına hər zaman böyük diqqət və qayğı göstərilib.

"Ulu Öndərin mətbuata verdiyi dəyərin hər zaman şahidi olmuşuq. Azərbaycanda 100 ildən artıq davam edən senzura ləğv edilib. Dəfələrlə Ümummilli Liderlə jurnalistlərin görüşləri keçirilib. Bu ənənə Prezident İlham Əliyevin də dövründə davam etdirilir. Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət hər birimizin həyatında böyük rol oynayır", - deyə o bildirib.

Audiovizual Şuranın sədri İsmət Səttarov qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra, zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başladı.

 

"Media sahəsində aparılan bütün islahatların kökündə dayanan amil isə budur - dövlətə və dövlətçiliyə xidmət, medianın inkişafına nail olmaq. Bu gün peşə bayramını iş başında keçirən jurnalistlər həm cəmiyyəti informasiya ilə təmin edirlər, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayırlar", - deyə o əlavə edib.

MEDİA-nın şöbə müdiri Natiq Məmmədli həmçinin vurğulayıb ki, keçən ilin oktyabrından Media Reyestri fəaliyyətə başlayıb.

"Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını Media Reyestrinə bəyan ediblər. Bu proses artıq yekunlaşıb. Media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır. Sözügedən proses davamlı xarakter daşıyacaq", - deyə N.Məmmədli bildirib.

20.07.2023